www.science.az
29.07.2020 10:57

“Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu” adlı tədbir keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda “Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu” mövzusunda onlayn konfrans təşkil olunub.

İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edib. O, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təcavüzünə etirazını bildirən, həmrəylik nümayiş etdirən xarici ölkələrdə yaşayan azərbaycanlı dinc aksiya iştirakçılarına qarşı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edib, həmçinin bütün bu hadisələrə beynəlxalq hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

Onlayn tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və başqaları ölkəmizin hazırda həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizə apardığını diqqətə çatdırıblar. Bildirilib ki, Ermənistanın iyulun 12-də başlayan təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi ilə alınıb.

Sonda institutun Kanadanın Redlen Texnologiyaları Tədqiqat Mərkəzində fəaliyyət göstərən əməkdaşı Rəvanə Həmzəyeva və Rusiyada yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutunda çalışan əməkdaşı Mətləb Mirzəyev mövzu ətrafında fikirlərini bölüşüb, xaricdə yaşayan azərbaycanlıların həmrəy olduqlarını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.