www.science.az
21.11.2013 00:00

2015-ci il Azərbaycanda “Elm ili” elan oluna bilər

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinin yüksək səviyyədə təşkili üzrə Tədbirlər Planı təsdiq edilib. Müvafiq qərar AMEA Rəyasət Heyətinin 20 noyabr tarixli iclasında qəbul olunub.
İclasda AMEA prezidenti, akademik Akif Əlizadə 2015-ci ilin mart ayında AMEA-nın yaranmasının 70 illiyinin tamam olduğunu bildirərək irəli sürülən təşəbbüslər, həyata keçiriləcək tədbirlərlə bağlı çıxış edib. A.Əlizadə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsinin Azərbaycan elminin inkişafına, alimlərimizin elmə verdiyi töhfələrinin qiymətləndirilməsinə, o cümlədən sosial problemlərinin həllinə və s. məqsədlərə xidmət etdiyini qeyd edib.
AMEA-nın akademik-katibi və müxbir-üzvü, professor Rasim Əliquliyev Tədbirlər Planında əksini tapmış məsələlər haqqında məlumat verərək bu tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. 2015-ci ilin ölkədə “Elm ili” elan olunması və Bakının küçələrindən birinə “Elmlər Akademiyası” adının verilməsi üçün təşəbbüsün irəli sürüldüyünü bildirən R.Əliquliyev bununla bağlı ölkə rəhbərliyinə müraciət olunacağını söyləyib. “Yubileyə həsr olunan kitabın və “AMEA-nın prezidentləri” adlı kitabın nəşri, “AMEA-70” yubiley medalının hazırlanması, “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün binanın rekonstruksiyası da Tədbirlər Planına daxildir”. R.Əliquliyev AMEA əməkdaşları üçün müalicə-istirahət kompleksinin, regionlarda idman-sağlamlıq və istirahət mərkəzlərinin yaradılması, o cümlədən tibbi sığorta ilə təmin olunması, poliklinikanın açılmasının da mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirib.
AMEA-nın akademik-katibi AMEA-nın keçdiyi inkişaf yolunu, tarixini əks etdirən sənədli filmin çəkilməsi, paytaxt və regionlarda AMEA-nın nailiyyətlərini əks etdirən sərgilərin təşkilinin də nəzərdə tutulduğunu bildirib: “Bundan əlavə, AMEA haqqında Azərbaycan, rus və ingilis dillərində nəşrlər hazırlanacaq, o cümlədən elmi müəssisə və təşkilatlar, alim və tədqiqatçılar arasında elmi müsabiqələrin təşkili, müxtəlif nominasiyalar üzrə təltiflərin verilməsi (“İlin alimi”, “İlin ən yaxşı kitabı”, “Uğurlu tədqiqat” və s.) məsələlərinin həyata keçirilməsi planlaşdırılır”.
Tədbirlər Planında həmçinin AMEA əməkdaşlarının “xüsusi dövlət qulluqçuları” kateqoriyasına aid edilməsi, məvaciblərinin orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılması, mənzil və iş şəraitlərinin yaxşılaşdırılması məsələləri də öz əksini tapıb. Həmçinin Kadr hazırlığı üzrə Dövlət Proqramının qəbul edilməsi, AMEA-nın nəzdində universitet (magistratura pilləsi də daxil olmaqla) və Gənc İstedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə AMEA-nın texnoparkının yaradılması, “Alimlər şəhərciyi"nin salınması məsələləri də nəzərdə tutulub.
Yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradıldı. 70 illiyin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.