www.science.az
01.09.2020 16:30

Görkəmli şərqşünas-dilçi alim, akademik Möhsün Nağısoylu

Azərbaycanda şərqşünaslığın, əlyazmaşünaslığın, ədəbi dil tarixinin, bütövlükdə dilçiliyin tədqiqi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərdən biri də AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur. Alimin çoxşaxəli elmi yaradıcılığı, xüsusilə də farsdilli və türkdilli əlyazmaların tədqiqi və nəşri sahəsindəki səmərəli elmi fəaliyyəti filologiya elmimizə öz töhfələrini verib və onun bir sıra yeniliklərlə zənginləşməsi, təkmilləşməsi işinə xidmət edib.

Uzun müddət AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışan M.Nağısoylu hazırda Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edir. O, indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində oxuyarkən çalışqanlığı ilə çoxlarının diqqətini cəlb edib. M.Nağısoylu universiteti fərqlənmə diplomu ilə bitirib və fakültənin elmi şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmalar Fondunun (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun) aspiranturasına daxil olub. M.Nağısoylunun elmi rəhbəri görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanov olub. Alim 1979-cu ildə namizədlik, 1994-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Respublikamızın tanınmış şərqşünas-mətnşünas alimləri sırasında olan akademik Möhsün Nağısoylunun elmi fəaliyyətinin ən məhsuldar dövrü ölkəmizin müstəqillik qazandığı illərlə üst-üstə düşür. Son zamanlar alimin orta əsrlər Azərbaycan yazılı abidələrinə, xüsusilə də klassik tərcümə əsərlərinə həsr etdiyi neçə-neçə sanballı elmi monoqrafiyası işıq üzü görüb.

Möhsün Nağısoylunun elmi araşdırmaları yeniliyi, sistemliliyi və ardıcıllığı ilə seçilir. Tədqiqat obyekti olaraq seçdiyi əlyazmaların çoxu orta əsrlərdə fars dilindən tərcümə edilib və ilk dəfə məhz onun tərəfindən elmi dövriyyəyə buraxılıb, sistemli şəkildə araşdırılıb. Bu sırada alimin XV əsr tərcümə abidələrindən Şirazinin “Gülşəni-raz”ı və Əhmədinin “Əsrarnamə”sinə, sonrakı yüzilliyin yadigarları olan Nişatinin “Şühədanamə”si və Həzininin “Hədisi-ərbəin”inə həsr etdiyi filoloji-tekstoloji araşdırmaları xüsusilə əhəmiyyətlidir. Klassik tərcümə əsərlərindən birincisi və sonuncusunu Azərbaycanda ilk dəfə elm aləminə tanıtdıran və ətraflı şəkildə araşdıran məhz professor Möhsün Nağısoylu olub. Orta əsr tərcümə abidələri haqqında dəyərli kitablar müəllifi kimi tanınan alim bu sahədə həqiqətən bir elmi məktəb yaradıb.

Akademik Möhsün Nağısoylunun elmi araşdırmalarında linqvistik mətnşünaslıqla bağlı məsələlərin tədqiqi də xüsusi yer tutur. Bu sahə Azərbaycan filologiya elmində öz yeniliyi və aktuallığı ilə seçilir. Alimin bu sahədəki araşdırmaları gələcək elmi tədqiqatlar üçün yaxşı bir zəmin rolunu oynayır.

Tərcümə tarixi sahəsində də tanınmış mütəxəssis kimi tanınan Möhsün Nağısoylu bacarıqlı və istedadlı tərcüməçidir. O, uzun illər Əfqanıstanda fars dili üzrə tərcüməçi işləməklə yanaşı, fars dilindən bir neçə kitabı da Azərbaycan dilinə tərcümə edib. Bu tərcümələr sırasında İran alimi Sədrəddin Bəlağinin “Quran qissələri” kitabının və görkəmli Azərbaycan alimi-şairi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” (“Sirr bağçası”) adlı fəlsəfi məsnəvisinin dilimizə tərcümələri xüsusi yer tutur. Möhsün Nağısoylunun səlis və axıcı bir dillə tərcümə etdiyi “Quran qissələri” kitabından respublikamızın ayrı-ayrı təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur. Şəbüstərinin “Gülşəni-raz” məsnəvisinə gəldikdə isə təsəvvüfə dair ən dəyərli və mötəbər qaynaqlardan olan bu əsəri tərcümə etmək heç də asan iş deyil. Bu qəbildən olan əsərlərin tərcüməsi mütərcimdən Şərq fəlsəfəsini, xüsusilə də sufizmi, ilahiyyatı incəliyinə qədər bilməyi tələb edir.

Möhsün Nağısoylu indiyədək bir neçə orta əsr yazılı abidəsini ilk dəfə nəşrə hazırlayıb. Onlar sırasında 932 səhifəlik nəhəng “Şeyx Səfi təzkirəsi” xüsusilə əhəmiyyətlidir. Bu kitab Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət başçısı, görkəmli şair, azərbaycançılıq ideyasının yaradıcılarından biri olan Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbili haqqındadır.

Möhsün Nağısoylunun fars əlyazmaları kataloqunun tərtibində də böyük xidmətləri var.

Akademikin Dilçilik İnstitutundakı fəaliyyəti də təqdirəlayiqdir. Vaxtilə akademiyanın həqiqi üzvlərindən Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Tofiq Hacıyev kimi çox görkəmli və nüfuzlu dilçi alimlərin rəhbərlik etdiyi bu mötəbər elm ocağında qısa müddət ərzində direktor vəzifəsində çalışmasına baxmayaraq, Möhsün Nağısoylu yüksək savadı, mədəniyyəti və zəngin mənəvi keyfiyyətləri ilə kollektivin böyük əksəriyyətinin hörmət və nüfuzunu qazanmağa nail olub. Tanınmış dilçi alimlərimizin çoxu onun savadı ilə yanaşı, yüksək idarəçilik qabiliyyətindən, rəhbərlik etdiyi kollektivdə harmoniya və sağlam elmi mühit yaratmasından ürəkdolusu danışır.

Alim 38 kitabın müəllifi, mütərcimi və tərtibçisidir. Həmin kitablar sırasında xarici ölkələrdə nəşr olunanları da var. Məqalələrinin sayı isə 300-dən çoxdur.

Görkəmli dilçi alimi 74 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.