www.science.az
11.09.2020 17:06

“AzerGold” QSC geoloq-alimlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.

GGi-də keçirilən görüşdə çıxış edən akademik A.Əlizadə rəhbərlik etdiyi elm ocağının Azərbaycanda geologiya elminin inkişafı, yeni geoloqlar nəslinin yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb. A.Əlizadə “AzerGold” QSC-nin ölkəmizdə faydalı qazıntı yataqlarının kəşfiyyatı və idarə olunması sahəsində mühüm işlər gördüyünü qeyd edib, institutun geoloq-alimlərinin də layihələrdə məsləhətçi qismində iştirakını məmnunluqla xatırladıb, birgə əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə Azərbaycanda geologiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərimizə daim hörmət və ehtiram bəslənildiyini, bu gün də sözügedən sahənin bütün incəliklərinə bələd olan qocaman geoloqların məsləhət və tövsiyələrinə ciddi ehtiyac olduğunu bildirib. Həmçinn bu xüsusda Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. Z.İbrahimov geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2016-ci ildə Geologiya və Geofizika İnstitutu və “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Birgə əməkdaşlıq çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəsislərinin intellektual potensialından cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilib. Eləcə də əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanıb. Həmin modellər cəmiyyətin geoloqları tərəfindən proqnozlaşdırmada geniş istifadə edilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.