www.science.az
02.10.2020 10:51

Fizika İnstitutunda magistrantlarla görüş keçirilib

AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov bu il müəssisənin magistratura pilləsinə qəbul olan gənclərlə görüşüb.

Görüşdə elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Həmkarlar Komitəsinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Sitarə Bağırova, İnnovasiya sektorunun rəhbəri Şıxəmir Eminov və Təhsil şöbəsinin müdiri Abasət İsayev iştirak ediblər.

Akademik Nazim Məmmədov gənclərə Fizika İnstitutunun tarixi və burada aparılan elmi tədqiqatlar haqqında məlıumat verib. Bildirib ki, magistrantların hər birindən fizika sahəsində elmi və dil biliklərinin yüksək olması tələb edilir. O, yeni qəbul olunmuş magistrantlara təklif olunan dissertasiya işlərinin mövzuları ilə tanış olub və tövsiyələrini verib.

Sonda magistrantlara dərslərində məsuliyyətli, çalışqan olmaq arzu olunub, bildirilib ki, müəssisənin rəhbərliyi onlara dəstək verməyə, hər cür köməklik göstərməyə hazırdır.

Qeyd edək ki, 2020\2021-ci il tədris ilində Fizika İnstitutunun magistratura pilləsinə nəzəri və riyazi fizika, kvant elektronikası, bərk cisimlər fizikası, bioloji sistemlər fizikası, yarımkeçiricilər fizikası, nanoelektronika ixtisasları üzrə 6 nəfər qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.