www.science.az
02.10.2020 11:42

Azərbaycanlı alimlər OPTIMA-2020 beynəlxalq elmi konfransda çıxış ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun alimləri Monteneqronun Petrovak şəhərində onlayn keçirilən ənənəvi XI beynəlxalq “Optimallaşdırma və tətbiqləri” OPTIMA-2020 elmi konfransında iştirak ediblər.

Konfrans Monteneqro Universiteti, Monteneqro Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Kompüter Hesablama Mərkəzi və s. təşkilatçılığı ilə işinə başlayıb. Bu ilki konfrans Monteneqro Elmlər Akademiyasının akademiki Milojika Jakimoviçin 70 illik yubileyinə həsr olunub. Onlayn konfransa ABŞ, Fransa, Almaniya, İsveç, Rusiya, Meksika, Portuqaliya, Belçika, Finlandiya, Avstriya və s. 25-dən çox ölkənin tanınmış alimləri qatılıblar.

Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun alimləri – AMEA-nın müxbir üzvü Kamil Aydazadə və professor Vaqif Abdullayevin “Adi diferensial tənliklər sistemi üçün nöqtəvi və inteqral qiymətli sərhəd şərtlərinin sağ tərəflərinin optimallaşdırılması”, dosent Anar Rəhimovun “Parabolik tənlikdə xüsusi tip mənbənin zamandan asılı əmsal-funksiyasının bərpası məsələsinin həlli”, dosent Yeganə Əşrəfovanın “Şəbəkə strukturlu dinamik sistemlərdə mənbələrin yerinin və gücünün optimallaşdırılması”, elmi işçi Vüqar Həşimovun “Hərəkət edən mənbəyə malik lövhənin qızdırılmasının əks əlaqəli idarə edilməsinə yanaşma haqqında” mövzusunda məruzələri dinlənilib, müxtəlif suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.