www.science.az
02.10.2020 11:46

Cavidlər nəslinin son yadigarı Turan Cavid

Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qızı Turan Cavidin anadan olmasının 97 ili tamam olur. 2 oktyabr 1923-cü il tarixində dahi şairin ailəsində dünyaya göz açan Turan xanım Cavidlər nəslinin son yadigarı idi. O, ölməz şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək bu vəzifənin öhdəsindən şərəflə gəlib.

Turan Cavid ədibin ev muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirib. O, Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Cavidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb ev muzeyinə təhvil verərək Azərbaycan xalqına qiymətli miras qoya bilib.

Turan xanımın tərtib etdiyi Hüseyn Cavid əsərlərinin beşcildliyi uzun illər aparılan mətnşünaslıq işinin, arxiv materiallarındakı elmi axtarışların, möhtəşəm tapıntıların mükəmməl məhsulu idi. Böyük ədibin: “İmlasına dokunmamalı!”, - vəsiyyətinə sadiqliklə tərtib edilən bu toplu Cavidin əsərlərinin yeganə külliyyatı idi ki, şairin dil və üslub xüsusiyyətlərini qoruyub saxlamışdı. Turan xanım bu çoxcildlikdə atasının əsərlərini orijinala tam müvafiq şəkildə bərpa edə bilib.

Hazırda AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük ədibin 1982-1985-ci illərdə nəşr olunan dördcildliyinin unikal bir nüsxəsi saxlanılır. Bu dördcildliyin hər səhifəsində Turan xanımın əli ilə edilmiş minlərlə düzəliş var. Bu, Turan xanımın Cavid irsinin bərpası uğrunda çəkdiyi zəhmətin əyani göstəricisidir. Turan xanım öz zəhmətinin bəhrəsini – Hüseyn Cavidin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə nəfis şəkildə kütləvi tirajla çapdan buraxılmış beşcildliyini görməsə də, həmin nəşri əlinə alan hər kəs Turan xanımı xəyalən görür, onun ruhuna qəni-qəni rəhmətlər oxuyur.

Turan xanımın illər boyu üzərində zəhmət çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə gətirdiyi “əsərlərdən” biri də Hüseyn Cavidin Ev Muzeyidir. Bu muzey Cavid irsinin böyük himayəçisi, ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılıb, cavidsevərlərin ixtiyarına verilib.

Hüseyn Cavidin beşcildliyi kimi, bu muzey də mükəmməl bir sistemdir, məsuliyyət və dəqiqliyin möhtəşəm təcəssümü, forma və məzmun vəhdətinin klassik örnəyidir. Çox sevindiricidir ki, muzeyin rəsmi açılışını görmək, ulu öndərimiz  Heydər Əliyevlə birlikdə muzeyin salonlarını gəzmək Turan xanıma qismət oldu. Qeyd edək ki, həmin açılışdan yadigar qalan videolent indi də muzeyin ən qiymətli eksponatlarından biri kimi qorunmaqda və cavidsevərlərə nümayiş etdirilməkdədir.

Hazırda vaxtı ilə Turan Cavidin rəhbərlik etdiyi bu muzeyin fondunda onun həyat və yaradıcılığına da işıq tutan kifayət qədər material mühafizə olunur. Turan xanımın fədakar elmi-ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd tərtibçisi olduğumuz və 2014-cü ildə nəfis şəkildə çap olunan “Turan Cavid. Ömür səlnaməsi” adlı kitaba daxil edilib. Bu kitab hər zaman muzeyi ziyarət edən qonaqlar tərəfindən maraqla qarşılanır. Ziyarətçilər onun həyat tarixçəsini həm qürur, həm də nisgillə dinləyir, mübariz Azərbaycan qadınının dönməz ruhu qarşısında bir daha baş əyirlər.

AMEA Hüseyn Cavidin Ev Muzeyinin kollektivi də hər zaman bu elm və mədəniyyət ocağının qurucusu Turan Cavidin ruhunu bütün tədbirlərdə böyük ehtiramla yad edir, öz işində onun ideallarına sadiq qalır, ideyalarını inkişaf etdirir və əziz xatirəsini yaşadırlar. Onun vəfatından 16 il ötsə də, Hüseyn Cavidin Ev Muzeyində Turan xanımın səliqəsini bu gün də görmək olar.

Gülbəniz Babaxanlı, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.