www.science.az
02.10.2020 12:34

Botanika İnstitutunda yeni tədris ilinin başlanmasına həsr olunan onlayn tədbir keçirilib

AMEA-nın  Botanika İnstitutunda yeni tədris ilinin başlanmasına həsr olunan onlayn tədbir keçirilib.

Karantin rejiminin tələblərinə uyğun olaraq və sosial məsafə gözlənilməklə təşkil olunan tədbirdə institutun direktoru, akademik Validə Əlizadə, elmi işlər üzrə direktor müavini, prof. Eldar Novruzov, elmi katib, b.ü.f.d. Xuraman Xəlilova, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Kəmalə Əsədova, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, a.ü.f.d. Fikrət Feyziyev və I-II kurs magistrantları iştirak ediblər.

Tədbirdə çıxış edən akademik V.Əlizadə ilk öncə sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatı zamanı qazandığı uğurlardan bəhs edərək iştirakçıları təbrik edib. Sonra akademik magistr və müəllim heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Botanika İnstitutunun tarixi inkişaf yolundan danışan V.Əlizadə əsası 1936-cı ildə görkəmli akademik A.A.Qrossheym tərəfindən qoyulan sözügedən İnstitunun müasir elmi tədqiqat istiqamətləri, beynəlxalq elmi əməkdaşlığı, gənc kadr hazırlığı və s. haqqında məlumat verib. Həmçinin botanika elminin müasir inkişafında tanınmış alim, görkəmli akademik Cəlal Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.

Tədbirdə Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Kəmalə Əsədova I kurs magistrantları təqdim edərək, qeyd edib ki, cari ildə magistratura pilləsi üzrə 3 nəfər botanika və 2 nəfər mikologiya ixtisaslaşması üzrə təhsil alacaqlar.

2020-ci ilin məzun magistrantı Elnarə İsgəndərli Botanika İnstitutunda təhsil aldığı müddətdə qazandığı bilik və təcrübəsindən danışıb.

Elmi işlər üzrə direktor müavini, prof. Eldar Novruzov gənclərə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, təhsillərini doktorantura pilləsi üzrə davam etdirməyi tövsiyə edib.

Daha sonra Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev keçirilən tədbiri yüksək qiymətləndirib, gənclərə gələcək təhsillərində uğurlar arzulayıb.

Sonda iştirakçılar üçün İnstitutun tarixi və fəaliyyəti haqqında qısa video film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.