www.science.az
02.10.2020 17:33

Folklor İnstitutunda “Şanlı Azərbaycan ordusuna dəstək” aksiyası keçirilib

Oktyabrın 2-də AMEA-nın Folklor İnstitutunda “Şanlı Azərbaycan ordusuna dəstək” aksiyası keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Sonra müəssisənin direktoru, akademik Muxtar İmanov çıxış edərək bildirib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mütəmadi hərbi təxribatlara layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün düşmən üzərinə əks-hücuma keçib. Qeyd edib ki, bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqla ordunun mənəvi birliyi mövcuddur, xalqımız haqq işi uğrunda vuruşan ordusuna tam güvənir və onunla qürur duyur.

Daha sonra müəssisənin şöbə müdirləri, professorlar Seyfəddin Rzasoy, Ramazan Qafarlı, Nailə Rəhimbəyli, filologiya elmləri doktorları Mətanət Abbasova, Nizami Məmmədov və başqaları çıxış edərək bir çox ölkələrdə ermənilərin mənfur əməllərinin qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin isə dəstək­ləndiyini diqqətə çatdırıblar. Çıxışçılar bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi kimi dəyərləndiriblər. Bildirilib ki, Folklor İnstitutunun əməkdaşları bütün imkanları ilə müzəffər ordumuza dəstək verməyə hazırdırlar.

Sonda müəssisənin əməkdaşları əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürməyi qərara alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.