www.science.az
06.10.2020 10:29

Muxtar Respublika ərazisində yayılan armudun sort və formalarının genefondu araşdırılıb

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda “Naxçıvan Muxtar Respublika ərazisində yayılan armudun sort və formalarının genefondunun toplanılması və qiymətləndirilməsi” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru İsmayıl Məmmədov açaraq muxtar respublikada meyvə genefondunun toplanılması, qiymətləndirilməsi və genetik ehtiyatların qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.

Daha sonra institutun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov “Naxçıvan Muxtar Respublika ərazisində yayılan armud sort və formalarının genefondunun toplanılması və qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, muxtar respublikada becərilən armudun yay, payız və qışlıq sort və formaları var.

Alim Naxçıvanın bütün rayonlarına ekspedisiyalara gedilərək armudun sort və formalarının yayılma zonalarının aşkar edilərək öyrənildiyini deyib. Qeyd edib ki, tədqiqatlar nəticəsində ilk dəfə olaraq muxtar respublikada armudun pomoloji xüsusiyyətlərinə görə fərqlənən 50-dən çox sort və formalarının olduğu müəyyən edilib. Həmin sort və formalar institutun təcrübə sahəsində əkilib, üzərində fenoloji müşahidələr aparılıb, aqro-bioloji xüsusiyyətləri öyrənilib.

Vurğulanıb ki, sort və formaların 20-dən çox yüksək məhsuldarlığına, xəstəlik və zərərvericilərə davamlılığına, torpaq-iqlim şəraitinə uyğunluğuna, şaxtaya, dözümlülüyünə, meyvələrinin çəkisinə və görünüşünə görə başqa sort və formalardan fərqlənirlər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.