www.science.az
06.10.2020 15:12

Akademik Dilqəm Tağıyev: “Ordumuzun uğurlarının əsasında Ali Baş Komandanın güclü siyasi iradəsi, xalqın birliyi dayanır”

Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində apardığı uğurlu əməliyyatlarla bağlı AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd edib ki, sentyabrın 27-si səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan ərazilərinə hücum edərək növbəti dəfə təxribat törədib, buna cavab olaraq Ali Baş Komandanın əmri ilə bütün təmas xətti boyu mübariz ordumuz əks-hücum əməliyyatlarına başlayıb və bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri işğaldan azad edib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini xatırladan alim bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin vətən uğrunda birləşdiyini və dövlət başçısının siyasətini tam şəkildə dəstəklədiyini deyib.

Akademik bildirib ki, Ali Baş Komandan Azərbaycan xalqına müraciətində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə edib, ciddi arqumentlər gətirərək xalqı qələbəyə ruhlandırıb. “Bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz imkanları çərçivəsində arxa cəbhədə Qarabağ uğrunda mübarizə aparan ordumuza dəstək verməlidir”, - deyə akademik  əlavə edib.

Akademik Dilqəm Tağıyev bu çətin günlərdə Azərbaycan ziyalılarının da üzərinə böyük vəzifələrin düşdüyünü, hər bir ziyalının, alimin bu mübarizədə əlindən gələn dəstəyi göstərməli olduğunu qeyd edib. Bildirib ki, ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, güclü iqtisadiyyat və xalq-dövlət-ordu birliyi amilləri  dayanır. Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən rəsmən tanınıb. Lakin Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib və 30 ilə yaxındır ki, işğal altında saxlayır. BMT təhlükəsizlik Şurasının torpaqlarımızın qeyd-şərtsiz boşaldılması barəsində məlum qətnamələri qəbul etməsinə baxmayaraq sözügedən sənədlər kağız üzərində qalıb. Bu gün bizim ordumuz haqqı, ədaləti və bir milyona yaxın qaçqınlarımızın hüquqlarını bərpa etmək üçün mübarızə aparır. 

AMEA-nın vitse-prezidenti hazırki şəraitdə cəbhə ilə yanaşı informasiya məkanında da müharibənin getdiyini  vurğulayıb və bu müharibədə  hər bir Azərbaycan ziyalısının iştirakının vacibliyini bildirərək qeyd edib ki, alimlərimiz informasiya müharibəsinin önündə getməli, yerli və xarici kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə aktiv olmalıdırlar.

Akademik rəhbərlik etdiyi qurumun da Azərbaycan Ordusuna dəstək verməyə hazır olduğunu qeyd edib: “Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək, ehtiyac yaranarsa Mərkəzi Qan Bankına qan vermək və digər tədbirləri həyata keçirməklə ordumuza dəstək olmalıyıq”.

Akademik Dilqəm Tağıyev çıxışının sonunda vurğulayıb ki, bütöv və müstəqil Azərbaycan uğrunda aparılan mübarizədə ziyalılar Ali Baş Komandan İlham Əliyevin və qəhrəman ordumuzun yanındadırlar.

Sonra institutun Həmkarlar Təşkilatının sədri, prof. Arif Əfəndi, laboratoriya müdiri, prof. İxtiyar Bəxtiyarlı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dos. Faiq Məmmədov və başqaları çıxış edərək torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qaldığını, sülh danışıqlarının heç bir fayda vermədiyini söyləyiblər. Vurğulanıb ki, cəbhədə gedən müharibə Azərbaycanın haqq işidir və tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğalçılardan tam təmizləyəcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq. Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.