www.science.az
07.10.2020 10:47

Azərbaycanda ilk dəfə olaraq informasiya iqtisadiyyatına həsr edilən doktorluq dissertasiyası işlənilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn Elmi seminarı keçirilib. İclasa institutun 80-ə yaxın əməkdaşı “Zoom Meeting” proqramı vasitəsilə qoşulub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq öncə cəbhədə Qarabağ uğrunda gedən döyüşlərə münasibətini ifadə edib. Qeyd edib ki, Azərbaycan ordusu hazırda cəbhə bölgəsində böyük əzmkarlıq və qəhrəmanlıq göstərərək düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparır, tarixi nailiyyətlər əldə edirlər. Bu çətin günlərdə institut olaraq biz də üzərimizə düşən məsuliyyəti dərk etməli, həmrəy olmalı, qarşıda duran vəzifələrin həyata keçirilməsində fəallıq nümayiş etdirməliyik.

Sonra akademik R.Əliquliyev elmi seminarın “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda fundamental bir doktorluq dissertasiyasının müzakirəsinə həsr olunduğunu bildirib. İnformasiya iqtisadiyyatına həsr olunmuş tədqiqatın Azərbaycanda bu istiqamətdə ilk dissertasiya işi olduğunu vurğulayıb.

Dövlət siyasətinin də prioritetlərindən olan informasiya iqtisadiyyatının ölkəmizdə yeni-yeni formalaşmağa başladığını qeyd edən alim, dissertasiya işinin iki əsas hədəfə yönəldiyini deyib: “Bunlardan biri informasiya iqtisadiyyatı sahəsində ortaya elmi nəticə qoymaq, digəri isə ölkədə bu sahədə biliklərin tədrisini həyata keçirməkdir”.

Rəhbərlik etdiyi qurumda uzun illərdir ki informasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiq edildiyini deyən alim, gərgin əməyin nəticəsi kimi ortaya çıxan bu dissertasiya işinin yaxın zamanda Azərbaycan ictimaiyyətinə təqdim olunacağını diqqətə çatdırıb.

Sonra institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusu üzrə alınmış elmi-nəzəri nəticələri təqdim edib.

O, bildirib ki, XX əsrin ikinci yarısından etibarən cəmiyyətin sosial-iqtisadi həyatında baş verən texnoloji dəyişiklər, informasiyaya olan tələbatın getdikcə yüksəlməsi, elmtutumlu yüksək texnologiya məhsullarının istehsalı mövzunun aktuallığını şərtləndirən amillərdir.

Ə.Əliyev qeyd edib ki, informasiya cəmiyyəti quruculuğunun iqtisadi bazası olan yeni tipli informasiya iqtisadiyyatı sektorlarının formalaşma  problemlərinin tədqiqi əsasında onların konseptual həlli istiqamətlərinin təklif edilməsi tədqiqat işinin əsas məqsədidir. Həmçinin  informasiya iqtisadiyyatının  hazırkı vəziyyətinin mövcud elmi-metodoloji və nəzəri əsaslarını inkişaf etdirməklə müvafiq model, metod, alqoritm və mexanizmlərin işlənilməsi vasitəsilə onun sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi dissertasiyanın hədəflərindəndir.

Tədqiqat işində qoyulmuş elmi-nəzəri və praktiki məsələlərdən söz açan məruzəçi nəzərə çatdırıb ki, buraya informasiya iqtisadiyyatının, həmçinin İKT sferasının, İKT-nin geniş tətbiq olunduğu ənənəvi iqtisadi sahələrin, İKT yönümlü milli innovasiya sisteminin, E-kommersiya və ödəniş sistemlərinin, dayanıqlı yaşıl, inklüziv iqtisadi inkişafın, yeni rəqəmsal sektorların formalaşması xüsusiyyətləri və inkişaf tendensiyalarının müəyyənləşdirilməsi, innovativ strukturların fəaliyyətinin idarə olunması üzrə çoxsəviyyəli modelin qurulması, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi və s. aiddir.

İddiaçı dissertasiya işində alınmış əsas elmi yeniliklər haqqında da məlumat verib: “Tədqiqat zamanı informasiya iqtisadiyyatının formalaşma xüsusiyyətlərinin və  inkişaf tendensiyalarının tədqiqi əsasında onun  müasir idarəetmə problemləri təsvir edilib, iqtisadi fəaliyyət sahələrinin İKT əsasında inkişaf etdirilməsi problemlərinin həlli istiqamətləri işlənilib, eləcə də Milli innovasiya sisteminin inkişaf tendensiyaları müəyyənləşdirilib və informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivləri qiymətləndirilib”.

Alimin sözlərinə görə, işin praktiki əhəmiyyəti ondan ibarətdir ki, təklif edilən metod və modellər əsasında əldə edilib elmi-praktiki nəticələr bir çox Dövlət proqramlarının icrası prosesində istifadə edilib və müxtəlif idarəetmə və istehsal-xidmət strukturlarının fəaliyyət nəticələrinin keyfiyyətinin səmərəliliyinin artırılmasına imkan verir.

Ə.Əliyev doktorluq dissertasiyasının hər bir fəsli üzrə aparılan araşdırma və təhlillər, əldə olunan elmi yeniliklər haqqında ətraflı məlumat verib.

Məruzəçi dissertasiya işinin əsas nəticələrini də diqqətə çatdırıb. Bildirib ki, qoyulmuş məqsədlərə çatmaq üçün yerinə yetirilən elmi-nəzəri və praktiki məsələlərin həlli zamanı bir sıra əsas elmi-metodoloji və metodiki nəticələr alınıb: “Qabaqcıl xarici ölkələrin təcrübəsinin təhlili nəticəsində informasiya iqtisadiyyatının formalaşma xüsusiyyətləri, prinsipləri, əlamətləri və inkişaf tendensiyaları, eləcə də strateji inkişaf istiqamətləri və hədəfləri müəyyənləşdirilib. İnformasiya iqtisadiyyatının elmi-nəzəri, praktiki əsaslarını təhlil etməklə onun müasir formalaşma və idarəetmə problemləri aşkarlanmış və onların həlli üsulları işlənilib”.

O, Azərbaycanın informasiya və biliklər iqtisadiyyatının formalaşması üzrə müxtəlif indekslərə görə reytinqinin təhlili nəticələrini, həmçinin tamamlanmış dissertasiya işinin aprobasiyası və tətbiqi, eləcə də tədqiqat çərçivəsində çap olunmuş və yüksək beynəlxalq bazalarda indeksləşdirilmiş elmi nəşrlər barədə də məlumat verib.

Sonra çıxış edən akademik Rasim Əliquliyev məruzənin əhəmiyyətini önə çəkərək dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Tədqiqat işinin gələcəkdə də davam etdirilməsi zərurəti ilə bağlı tövsiyələrini səsləndirən alim informasiya iqtisadiyyatı ilə bağlı beynəlxalq təcrübənin daha dərindən araşdırılması, dünya ölkələrinin informasiya iqtisadiyyatı üzrə reytinqinin geniş təqdim olunması və analitik müqayisəli təhlillərin aparılması, eləcə də səmərəli təkliflərin hazırlanmasının zəruri olduğunu deyib.

Məruzə ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri, AMEA-nın müxbir üzvləri Məsumə MəmmədovaRamiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və digər alimlər sual və təkliflərini səsləndiriblər.

Sonda Elmi seminarda qərara alınıb ki,  qeyd edilən irad, təklif və tövsiyələri nəzərə almaqla təqdim olunan dissertasiya işini Ali Attestasiya Komissiyasının (AAK) mövcud tələblərinə müvafiq olaraq tamamlanmış tədqiqat işi hesab etmək olar. Bundan başqa, dissertasiya işinin elmi-praktiki istiqamətlərini nəzərə alaraq onun 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə müdafiəyə hazırlanması təklif edilib. 

İddiaçı Ə.Əliyevə seminarda qeyd edilən irad və tövsiyələri ən yaxın müddətdə nəzərə alaraq dissertasiya işini təkmilləşdirməsi və AAK-ın tələblərinə uyğun rəsmi müzakirəyə təqdim etməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.