www.science.az
08.10.2020 17:11

Coğrafiya İnstitutunda Ali Baş Komandana və ordumuza dəstək tədbiri keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza dəstək məqsədilə yığıncaq keçirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, sentyabrın 27-sində Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək ölkəmizin cəbhə boyu ərazilərinə hücum ediblər. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Xalqımız ordumuzun gücünə arxalanaraq 28 il həsrətlə gözlədiyi bu müqəddəs Vətən müharibəsinin başlanması xəbərini böyük sevinc və qələbəyə inam hisləri ilə qarşılayıb. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz döyüşlərin ilk günlərindən bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad edərək, coğrafi sərhədlərimizi dəyişməyə can atan işğalçı ordunu addım-addım geri çəkilməyə məcbur edib. İndi hər birimizin ən böyük arzusunun qələbə olduğunu deyən M.Həsənov bu şərəfli və ağır günlərdə bütün xalqımız kimi institutun kollektivinin də cəbhədən gələn xəbərləri həyəcanla izlədiyini, rəşadətli ordumuzun işğal altındakı torpaqları mənfur düşməndən azad edəcəyi günü səbrsizliklə gözlədiyini vurğulayıb.

M.Həsənov qeyd edib ki, müəssisənin əməkdaşları ölkəmiz üçün həlledici, vacib olan bu günlərdə baş verən hadisələrdən kənarda qalmaq istəmədiklərini, ordumuza bilavasitə dəstək arzusunda olduqları haqda institut rəhbərliyinə müraciət ediblər. Bunu nəzərə alaraq, direktor müavini işçilərin əməkhaqqının 10 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürməyi təklif edib və yekdilliklə qəbul olunub.

Sonra AMEA-nın müxbir üzvü Rauf Qardaşov, coğrafiya üzrə elmlər doktorları Səid Səfərov, Hüseyn Xəlilov, coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyev, İsmayıl Zeynalov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev və digərləri xalqımızın Milli Ordumuzla fəxr etdiyini, onunla qürur duyduqlarını, cəbhədən gələn  sevincli xəbərlərin xalqımızda qələbəyə olan inamı daha da  artırdığını diqqətə çatdırıb, ərazi bütövlüyümüzü dəstəkləyən qardaş Türkiyə və Pakistanın yanımızda olmasını dərin minnətdarlıq hissi ilə qeyd ediblər. Alimlər vətənimizin bu şanlı, taleyüklü tarixi dönəmində xalqımızın milli qürurunun, vətənpərvərlik hissinin daha da güclənməsində, yüksək amal uğrunda həmrəyliyin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edən musiqi əsərlərinin müəlliflərinə, ifaçılarına və onların yayılmasını gerçəkləşdirən media nümayəndələrinə xalqımız adından minnətdar olduqlarını dilə gətiriblər.

“Eşq olsun xalqımıza! Eşq olsun ordumuza! Eşq olsun Prezidentimizə!” şüarları ilə çıxış edən coğrafiyaçılar torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə və həlak olan dinc sakinlərimizə Allahdan rəhmət diləyib, bu zəfər yürüşündə qüdrətli ordumuza və Ali Baş Komandana böyük qələbə sevinci arzulayıblar. 

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.