www.science.az
12.10.2020 15:19

Rəsədxana əməkdaşları "Horizon 2020" proqramı ilə bağlı video konfransda iştirak edib

Avropa Birliyinin "Horizon 2020" proqramı tərəfindən maliyyələşdirilən Maria Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində on ölkədən olan astronomların iştirakı ilə video konfrans keçirilib.

Konfrans Çexiya Elmlər Akademiyasının Astronomiya İnstitunun Ondrejev Rəsədxanasının "Ulduz" şöbəsinin təşəbbüsü və rəhbərliyi ilə baş tutub.

Konfransda AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, f-r ü.f.d., dosent C.N. Rüstəmov və sözügedən institutun əməkdaşları A.Abdulkərimova, G.Hacıyeva, S.Məmmədova, Ş.Ağayeva iştirak ediblər. Konfransda qrant layihəsi çərçivəsində 2019-cu ilin əvvəlindən indiyə kimi yerinə yetirilmiş elmi tədqiqat işləri barədə hesabat verilib.

Qeyd edək ki, ŞAR-da bu müddət ərzində rəsədxananın 2 metrlik teleskopu vasitəsilə proqram ulduzların spektral müşahidələri aparılmış və hal-hazırda alınmış spektrlər işlənilir. Hazırda qrant layihəsi istiqamətində elmi-tədqiqat işləri müvəffəqiyyətlə davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.