www.science.az
12.10.2020 17:48

Azərbaycanlı alim beynəlxalq seminarda ölkəmizi təmsil edib

Borlaug Qlobal Pas Təşəbbüsü (BGRI) beynəlxalq konsorsiumunun təşəbbüsü ilə onlayn seminar keçirilib.

İki gün davam edən seminarda ölkəmizi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova təmsil edib.

Seminar çərçivəsində buğdanın pas xəstəlikləri üzrə aparılan ən müasir tədqiqatların nəticələrini əks etdirən məruzələr dinlənilib və geniş müzakirələr aparılıb. Tədbirdə, həmçinin 2014-2019-cu illər ərzində Azərbaycanın müxtəlif regionlarından toplanmış gövdə pası nümunələrinin genotipləmə nəticələri təqdim olunub. Sözügedən tədqiqat işi ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Bitki xəstəlikləri laboratoriyasının əməkdaşı, Dr. Les Szabo ilə birgə aparılb.

Qeyd edək ki, BGRI “yaşıl inqilabın atası” hesab olunan Nobel mükafatı laureatı Norman Borlaug tərəfindən 2005-ci ildə yaradılıb. Konsorsiumun əsas fəaliyyət istiqaməti bütün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə buğdanın pas xəstəliklərinə nəzarət və xəstəliklərlə mübarizənin həyata keçirilməsi istiqamətində davamlı beynəlxalq əməkdaşlığın aparılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.