www.science.az
13.10.2020 16:35

Qalib əsgərin çəkmələri

Vətən müharibəsi gedir. Həm də sadəcə Vətən müharibəsi yox, Böyük Vətən müharibəsi.

30 ildən artıq bir müddətdə fasiləsiz davam edən qanlı-qadalı, ən müasir silahların atəşləri, hər tərəfdən minlərlə insanın həyatını itirməsiylə müşayiət edilən, əsirləri, girovları, qaçqın-köçkünləri, darmadağın edilmiş saysız məskənləri, onlarla şəhəri-kəndi xarabazara çevirmiş qarşıdurmaya müharibə, həm də Böyük Vətən müharibəsi deyilməzmi?!

Çox da rəsmən bütün bunlara lap əvvəldən indiyədək kiçildərək riyakarcasına  yalnız "münaqişə" deyilib.

Erməniliyin Azərbaycan insanına qarşı quduz silahlı həmlələri, törətdiyi qırğınlar, gerçəkləşdirdiyi soyqırımları və etnik təmizləmələr bundan əvvəl də dəfələrlə olub.

Lakin heç biri nə həcmcə, nə əhatəcə, nə müddətcə 30 ildən artıq zamanda davam edən bu son müharibədəki kimi olmayıb.

Ermənistan və dünya erməniliyinin arxalandığı qüvvələrlə birgə Azərbaycana qarşı bu axırıncı böyük savaşı artıq son mərhələsinə yetişib.

Azərbaycan xalqı hələ heç vaxt bunca yekdil olmamışdı.

Atanın iki oğlu var. Hərbi komissarlıq təkid edir ki, biri getsin, obiri qalsın. Ata israr edir: "Yox, ikisi də getməlidir. Vətənin bu günündə balalarım cəbhədə olmalıdır".

Böyüklü-kiçikli bütün millət bu gün "Ya qələbə, ya ölüm!" deyir.

Əlbəttə ki, QƏLƏBƏ və bütün Azərbaycan bu gün bu ruhda köklənib.

Bunun əsas səbəbkarısa bütün millətin ürəyində sadəcə ümid qığılcımı deyil, inam ocağı yandıran Prezident İlham Əliyevdir.

Sentyabrın 27-dən, Ermənistanın Azərbaycana qarşı bütün cəbhə xətti boyu geniş hücumları başlanan ilk saatlardan dövlət başçımızın xalqa hər müraciəti, televiziya ekranında hər görünməsi, dünyanın aparıcı informasiya kanallarına hər müsahibəsi insanlarımızı bir qədər coşdurur, onları daxilən səfərbər edir, hər könüldə qələbə, zəfər əminliyi yaradır.

Bu gün cəbhədə rəşadətli Azərbaycan Ordusu döyüşür. Mərd Azərbaycan əsgəri qanı, canı bahasına düşmən tapdağından azad etdiyi hər qarış torpağımızla xalqın qələbə əzmini nə qədər artırırsa, bundan artıq qətiyyəti millətimizə ən böyük Azərbaycan Əsgəri, bu günlər içində elə özü də bir orduya bərabər olan Prezident İlham Əliyev bəxş edir!

Cəbhələrdə cərəyan edənləri biz görmürük, oradakı döyüşlərdən bizə yalnız soraqlar çatır.

Bu döyüşü - Prezident İlham Əliyevin Azərbaycan naminə bugünkü çarpışmaları isə hamımızın gözləri önündə cərəyan edir.

Hər ötkəm, ağıllı, hədəfə dəqiq vuran çıxışı ilə Prezident İlham Əliyev düşmənə meydan oxuyur, onu dinləyən düşmənin və havadarlarının canına daha artıq vicvicə, ruhuna daha artıq sarsıntı salır.

Dünyanın ən aparıcı telekanallarına və informasiya agentliklərinə verdiyi müsahibələr, birbaşa yayımda qarşı tərəfdən gələn ən gözlənilməz, ən köntöy, ən təxribatçı suallara təmkinini zərrə qədər pozmadan, soyuqqanlılığını qətiyyən əldən vermədən, sanki bu suallara cavab verməyə çoxdan bəri hazırlaşıbmış kimi dilə gətirdiyi bir-birindən sərrast, bir-birindən məntiqli, bir-birindən inandırıcı və ifşaedici cavablar indi ən şiddətli artilleriya atəşlərindən də təsirlidir.

Bu bir neçə gün ərzində dünyanın tamaşa etdiyi, dinlədiyi, oxuduğu həmin bir-birindən məzmunlu çıxışları ilə ən yüksək səviyyəli nəhəng diplomatlar ordusunun görə biləcəyi işi Prezident İlham Əliyev təkbaşına yerinə yetirir ("Heç onlar hamısı birlikdə bu işi bu səviyyədə icra edə bilərdilərmi" də ayrı bir sualdır).

Prezident İlham Əliyevin ən böyük gücü ondadır ki, çox bilir, bildiyini dərindən bilir, əmindir, hazırcavabdır, qorxmazdır, təpərlidir, misilsiz natiqdir  və onu dinləyənin tərəddüdlərini dağıtmağı, gerçəklərə inandırmağı bacarandır.

Və haqq, həqiqət, ədalət, dünya birliyinin qəbul etmiş olduğu qanunlar da onun tərəfindədir.

Ona görə kişi kimi "Heç kim bizim iradəmizə təsir edə bilməz" deyir.

Bilirsiniz, dünyanın gözü qarşısında belə vüqarlı danışmaq, hər ölkənin kimdənsə asılılığının olduğu, müstəqil siyasət apara bilməyin az qala mümkünsüzləşdiyi əyyamların içərisində yaşayaraq çox da böyük olmayan, ərazilərinin beşdəbiri işğal altında saxlanan dövlətin başçısının belə qeyrətli bəyanat verməsi nə qədər müşküldür?!

Bu gün o çıxışları, o bəyanatları, Prezident İlham Əliyevin hünərli siyasi çarpışmalarını dost da izləyir, düşmən də, bu məsələlərdən çox da hali olmayan zahirən biganə seyrçilər də.

Hər kəs bu əsnada ilk növbədə İlham Əliyevin timsalında qarşısında güclü bir şəxsiyyəti görür.

Əsl Ali Baş Komandanı görür.

Əsl müdrik, tədbirli, cəsur Millət və dövlət rəhbərini görür.

Millət, təbii ki, qürrələnir, gücünün üstünə güc gəlir, inamının, ümidinin üstünə inam və ümid artır.

Dünənəcən müxalif düşünənlər də ən azı ürəyində, düşüncəsinin gizli qatında dəyişir, görür ki, qarşısında ürək və bel bağlamalı, ardınca gedilməli, hər sözünə dəstək göstərilməli öndər dayanıb.

Hər kəs şahid kəsilir ki, İlham Əliyev ola bilmək nə qədər çətinmiş!

Amma dünya da görür axı!

Öncədən nə qədər qərəzkar, nə qədər iddialı, nə qədər şübhəcil, nə qədər hazır əks rəylə yanaşsalar da, Prezident İlham Əliyev danışdıqca, həqiqətləri açdıqca yumşalırlar, dəyişirlər, başqalaşırlar.

Belə ekstremal vəziyyətlərdə hər sinəsinə döyən dövlət başçısı və siyasətçisinin büdrəmədən, bunca rəvanlıq və ardıcıllıqla nümayiş etdirə bilməyəcəyi yüksək intellektual səviyyəsi, səlis nitqi və dəmir məntiqi ilə Prezident İlham Əliyev qısa zaman kəsiyində qarşısındakıları cazibəsinə salmağı, heyran qoymağı bacarır.

Mən 40 ildən çox efir təcrübəsi olan adamam. Bir peşəkar kimi görürəm, qiymətləndirə bilirəm ki, əvvəldən tam başqa qırımda olan, səsindəki soyuqluq və suallarında sərtlik, ittiham, hətta irəlicədən planlaşdırılmış qərəz, hikkə açıqca hiss edilən aparıcı asta-asta necə dəyişir, həmsöhbətinin parlaqlığı, üstün zəkası, nadir rast gəlinən son dərəcə cilalı, hər kəlməsi dəqiq, öz yerində olan nitqi onu nə sayaq ram edir. 

Son 2 həftə boyunca Prezident İlham Əliyev "Euronews",  "Əl-Cəzirə", CNN-Türk, "Sky News", "Əl-Ərəbiyyə" televiziyalarına, Rusiyanın "Pervıy kanal", eləcə də "Rossiya 1" telekanalının "60 dəqiqə" proqramına, Türkiyənin "TRT Haber" telekanalına, "CNN International" televiziya kanalının "Connect the World" proqramına geniş müsahibələr verib.

Bu qəbil kanalların aparıcıları isə heç vəchlə sıravi yox, inadkar, bişkin jurnalistlər, reportyorlar, siyasətşünaslardır. Dəqiqələr ötdükcə onları dəyişdirən, səslərinin ahəngində də, sualların qoyuluşunda da aşkar dönüşü sezilən edən və son olaraq sorğunu içərilərində müsahibə yaranmış simpatiya ilə tamamlamağa yönəldən Prezident İlham Əliyevin istedadı, zəkası, təlqinetmə qabiliyyəti, inandırmaq ustalığıdır.

Bu, görünən həqiqətdir.

İndi siz hələ xəyalınızda canlandırmağa çalışın ekran qarşısında əyləşib eyni ovqata köklənən saysız tamaşaçını.

İlham Əliyevin məşhur kanallar vasitəsilə dünyaya car çəkdiklərini eşidib-görən milyonlarla insan bu vasitə ilə həqiqətlərimizin, haqq sözümüz və səsimizin dünyaya çatdırılması öz yerində, həmin aparıcı, jurnalist, siyasətçi də insandır axı, yaxşı olanı, üstün olanı anladıqca, o səbəbdən də dəyişdikcə demirəm dönüb yüzfaizli bizim mövqeyimizin tərəfdarı olur. Heç olmazsa daxilində bir tərəddüd doğur, qabaqkı yanaşmasından fərqli mövqe yaranır onda.

Beləcə, Prezident İlham Əliyev inandırmağı, yanlış təsəvvürü dağıtmağı bacarır, ali səviyyəsi və peşəkarlığı ilə müsahibində özünə qarşı oyada bildiyi hüsn-rəğbətlə isə Azərbaycana münasibəti müsbətə doğru əvəzləməyə müvəffəq olur.

Dünyanın çox dövlətlərinin başçılarını çox müşahidə etmişəm, indi də görürəm və onları Prezident İlham Əliyevlə müqayisə edirəm.

Azərbaycanımızın qabiliyyətləri ilə ən nəhəng, ən sözükeçər dövlətlərin rəhbərlərindən də qat-qat ucalığını görüb belə bir Vətən övladının varlığı ilə qürur duyuram, siz də iftixar edin!

Xatırlayıram 2001-2002-ci illəri. İlham Əliyev o zaman Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə rəhbərlik edirdi. Orada bizim ilk gündən ən əsas vəzifələrimizdən biri Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məsələlər qaldırmaq, sənədlər hazırlamaq, çıxışlar etmək idi. Yolumuz yeni başlanırdı, hələ bizə qarşı təzyiqlər çox idi, münasibətlər qura bildiyimiz avropalı deputatlar tək-tək idi. Nümayəndə heyətimizin rəhbəri erməni təcavüzü ilə bağlı çox kəskin çıxışlar edirdi və hətta bir dəfə Assambleya sədri çıxış etdiyi zaman ona irad da tutmuşdu ki, çox sərt tənqid edirsiniz. Cavab özünü çox gözlətməmişdi. İlham Əliyev qayıtmışdı ki, biz tənqid etmirik, ifşa edirik.

Arada nümayəndə heyətimizin rəhbərinə demişdim ki, siz dövlət başçısının oğlusunuz, deputat olsanız da, sizin çıxışlarınız müəyyən mənada Azərbaycan dövlətinin mövqeyi kimi qavranıla bilər, digər tərəfdən də, sizin böyük siyasi gələcəyiniz var, görürsünüz ki, bunlar da açıq, qəti mövqeyi çox da xoşlamırlar, bəlkə elə sərt mövzularla bağlı biz çıxış edək, siz daha çox Ümumavropa məsələlərindən danışasınız. Həmin andaca tərəddüd etmədən dillənmişdi ki, bura mübarizə meydanıdır, nə fikirləşirlər-fikirləşsinlər, nə deyirlər-desinlər, sözümü axıradək söyləyəcəyəm.

İlham Əliyev bugünün İlham Əliyevi deyil. Həmişə belə qətiyyətli, cəsur, sinəsini irəli verən olub.

Orada, Qarabağ cəbhəsində səngərlərdəki əsgərimiz atəş altındadırsa, burada siyasət cəbhəsində Prezident İlham Əliyev bəlkə daha artıq atəşlərlə qabaq-qabağadır.

Erməninin küncə sıxışdırıldığı son günlərdə dünyanın neçə dövlət başçısından, beynəlxalq təşkilatlardan gələn zənglər, bizə göstərilən təzyiqlər yaylım atəşlərindən də betərdir.

Erməni düdüyünün çaldığı havaya oynayan Fransa Prezidenti Emmanuel Makronun guya həmsədr, münsif ölkənin rəhbəri olduğu halda qatı erməniçi mənafedən olan müraciətinin ləngimədən şapalaq kimi kəskin cavabını vermək asan sayılmasın.

Dünyanın aparıcı dövlətinin başçısına dar macalda olan dövlətin rəhbərinin telefondaca verdiyi cavab öz yerində, amma Prezident İlham Əliyev həm də dünyaya yayılan "Əl-Ərəbiyyə" telekanalından səsini qaldırır ki, gələcəkdə ona belə ehtiyatsız müraciət edənlərə də dərs olsun: "Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər".

Anın məsuliyyətini təsəvvür etməyə çalışın.

Canlı yayımdasan. Qarşı tərəf - jurnalist, aparıcı sənə son dərəcə ciddi ittiham daşıyan sual yönəldir. Sualdan aydındır ki, bu, jurnalist, aparıcı sualı deyil. Aydındır ki, bu sualı onlara xüsusi xidmət orqanları ötürüb. Çünki bu sual elə informasiya daşıyır ki, onu hər hansı jurnalist əldə edə bilməz. Həm də istər bu sualdan, istərsə də bundan əvvəlki sərt suallardan duyulur ki, müsahibənin bu şəkildə qurulmasında hansı şəkildəsə erməni lobbisinin də əli var. Çünki qoyulan sualların əksərində, həmin sualların hansı intonasiya ilə səslənməsində erməni təəssübkeşliyi və tərəfkeşliyi özünü büruzə verir.

Ya da, ola bilsin, heç real təəssübkeşlik məsələsi yoxdur və sualları verənin qarşısında bu vəzifə qoyulub ki, yöndəmsiz sualları ilə dövlət başçısını kor dalana dirəsin, karıxdırmağa nail olsun və nəticə etibarilə bu da onun təmsil etdiyi kanala sərfəlidir, reytinqin daha artması girəvəsidir.

Amma o aparıcı da, redaksiyası da gərək bilələr axı qarşılarındakı İlham Əliyevdir!

Bu, Ermənistanın baş naziri deyil ki, suallara mütərcim vasitəsilə, öz ana dilində qart-qurt, cümləsinin əvvəli ilə axırı, fikirlərinin başlanğıcı ilə sonu uyuşmayan həndir-hamar cavablar versin.

Bu, İlham Əliyevdir!

Hər sözü cəbhələrdə indi düşmənə divan tutan dronlardan da dəqiq nişan alıb vuran mahir Siyasət Snayperi!

Hər cavabında həm qoyulan suala dürüst, qaneedici cavab var, həm də düşməni (və düşmənləri, ellik gözü götürməyənləri, bədxahları, qarayaxanları) hansı baxımdansa ifşa edən mühüm məqam.

"CNN International" televiziya kanalının "Connect the World" verilişində aparıcı Prezident İlham Əliyevə bildirir ki, sizin bazalarınızdan birində F-16 qırıcı təyyarələrinin olmasının peyk təsvirlərini görmüşük. Siz isə F-16 qırıcı təyyarələri almamısınız. Yəni belə təyyarələri almadığınız halda necə istifadə edirsiniz? Başqa sözlə, bu o mənaya gəlir ki, belə təyyarələri olan Türkiyə sizin tərəfinizdən döyüşür.

Və sualını verir: "Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrinin yerdə olması doğrudurmu?"

Cavab verilməsi çox çətin olacaqmış kimi görünən bu suala Prezident İlham Əliyevin ilk cavabı sözsüz olur.

Gülümsünür.

Və bunun özü də artıq bir cavabdır ki, müvazinəti poza bilməzsiniz, məlumatınız saxtadır, bunlar bizə gülməli gəlir: "Siz "yerdə" dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələri Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən, Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələri yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar, sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir".

Bu minvalla Prezident İlham Əliyev çox yuxarıdan gedən aparıcını endirir yerə - həqiqətin yanına.

Onun şəxsində də onu yönəldənləri.

Və bu anda həmin verilişi seyr edərək bəlkə də o təfərrüatlardan agah olmayan çoxlarına məsələnin reallıqda nə təhər olmasını başa salır.

Hər həqiqət adı ilə deyilməlidir. Prezident İlham Əliyev yaşadığımız bu döyüşlü, zəfərli, nə acı ki, həm də ölüm-itimli şanlı günlərin Baş Qəhrəmanıdır.

Bu gün xalqın içərisində bu qədər ruh yüksəkliyi, son böyük qələbə naminə hər şeyə hazır olmaq qətiyyəti varsa, bunu ordumuzda da, millətimizdə də yaradan məhz odur - Ali Baş Komandan, Prezident İlham Əliyev!

Bu gün bütün millət onunladır və Azərbaycan bir yumruq kimidir.

Bu gün dünya boyu səpilmiş soydaşlarımız onunladır!

Bu gün qardaş Türkiyə dövlətin rəhbəri, aparıcı simaları və sadə insanları ilə İlham Əliyevlədir, Azərbaycanladır.

Hər dəfə, hər çıxışının sonunda bütün daxili gücünü və inamını iki əziz kəlməyə qovuşduraraq "Qarabağ Azərbaycandır!" deyən Prezident İlham Əliyev bu inam və gücü öz beyni və ürəyində hər bir azərbaycanlının düşüncəsinə və qəlbinə həkk edib.

Unudulmaz Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayandan sonra beynəlxalq təşkilatların təmsilçiləri və əcnəbi nümayəndələrlə istər daxili, istər xaricdəki görüşlərinin hamısında, hansı mövzuda söhbətin getməsindən asılı olmayaraq, hökmən ölkəmizin Ermənistanın təcavüzünə uğradığını, ərazilərimizin 20 faizinin zəbt edildiyini, 1 milyon qaçqın və köçkünümüzün olduğunu söyləyirdi. Bəzən elə olurdu ki, bir gün ərzində 5-6 dəfə, bəzən də daha çox həmin sözləri təkrar edirdi.

1998-ci ilin iyulunda Böyük Britaniyaya səfəri əsnasında Heydər Əliyev İngiltərənin yüksək dövlət rəsmilərindən biri ilə görüşündə müxtəlif mövzulara toxunduqdan sonra yenə ona xas tərzdə ərazilərimizin işğalı məsələsinə qayıtdı, məlum fikirləri bir də söylədi.

Və ingilis dövlət adamının nabələd reaksiyası Heydər Əliyevi xeyli təəccübləndirdi. Görüş bitəndə biz həmin otaqda idik, bir müddət fikrə dalan Heydər Əliyev o anda ürəyindən keçənləri bir etiraf kimi dilə gətirdi: "Sonra da deyirlər, Heydər Əliyev eyni sözü neçə dəfə təkrarlayır. Necə təkrar-təkrar deməyəsən ki, bu boyda dövlətin rəhbərləri sırasında olan adamın bu boyda həqiqətdən aydın təsəvvürü yoxdur".

Elə indi İlham Əliyev də həmin sayaq - hamının bildiyi, olsun ki, ara-sıra söylədiyi, yazdığı ikicə kəlməni bu günlər boyunca dəfə-dəfə söyləməklə, hər nitqinin sonunda bir nida işarəsi kimi təkrarlamaqla şüara çevirdi.

İndi "Qarabağ Azərbaycandır!" sözləri bütün ölkənin dilində, zehnində, ürəyində, əzbərindədir.

Söz yox, keçmişlərdə də, elə yaşadığımız son onillərin gedişində də təcavüz siyasəti yürüdülən ölkələrə, onların başçılarına qarşı çeşidli beynəlxalq kürsülərdən digər dövlətin, ya dövlətlərin rəhbərlərinin kəskin, hətta bəzən təhqiredici çıxışlarını da eşitmişik. Ancaq Ermənistanın indiki rəhbəri haqqında Azərbaycan Prezidentinin əvvəllərki dəyərləndirmələrinin hamısını bir kənara qoyaraq elə yalnız bu sonunculara diqqət yönəltsək, ona şahid olarıq ki, indiyədək belə alçaq duruma gətirilən, bu qədər sərt ifadələrlə damğalanan ikinci birisi olmayıb.

Dünyada bunun bənzərinə rast gəlinməyib ki, milyon yox, yüz milyonlarla insanın gözü qarşısında, bütün dünyaya yayımlanan televiziya kanallarında digər təcavüzkar ölkənin başçısı bunca rəzil bir kökə salınsın, ifşaedici və çılpaq həqiqət olan, düşməni gözündən vuran sözlərlə bu qədər miskinləşdirilərək ayaqlar altına tolazlansın.

Azərbaycanın əks-həmlələrindən, ard-arda qazandığı qələbələrdən sarsılan Ermənistan və onun cılız başçısı naçar durumda olduğunu görüncə dövlət başçılarına bir-bir zəng vuraraq şikayətlənir, təvəqqe edir ki, Azərbaycana təsir göstərsinlər. Həmin ölkələrin başçıları da başlayır həmin xahişlə Azərbaycana müraciət etməyə.

Hansı dövlət başçıları qalıb ki, Ermənistan baş naziri ora yalvarışlı zənglər etməsin? Prezident İlham Əliyev bunu da açıqlayır, özü də birbaşa bütün dünyaya və CNN-dən. Həm Ermənistanın öz xalqına da ləkə olan, ölkəsini xəcil duruma gətirən başçısını yerə vurur, həm də ona zəng çalanlara dolayısı ilə cavab verir ki, özünüzü əbəs yerə yormayın: "Düşünürəm ki, bu günlər ərzində Ermənistanın baş nazirinin danışmadığı yeganə insan hansısa uzaq adadakı qəbilə başçısıdır. O, hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O, Prezident Makrona, deyəsən, 4 dəfə zəng edib. Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən məsləhət görürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o, Azərbaycanın "dağıtdığı" yazıq, zavallı Ermənistana kömək etmək üçün öz qəbiləsindən bəzi adamları göndərsin".

Başqa bir televiziya çıxışında isə Prezident Ermənistan dövlət başçısına bu babətdə bir az da sərt müraciət edir: "Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən yalvarırsansa yalvar. Kimin ayağının altına yıxılırsansa yıxıl. Kimin dabanlarını yalayırsansa yala. Heç kim bizə təsir edə bilməz".

Dəfələrlə üzbəüz qaldıqları beynəlxalq müstəvilərdə də Prezident İlham Əliyev həm ifadə etdiyi həqiqətin danılmazlığı, həm şəxsi keyfiyyətlərinin üstünlüyü ilə Ermənistan dövlət başçısını ayaqaltı edib. Əvvəllər edib, indi də, 2020-nin sentyabrının son günlərində, oktyabrın ilk ongünlüyündə də edir. Cavab verəcək halları da yoxdur. Nə üzbəüz olanda, nə indi bütün dünyanın ən məşhur telekanallarında yerlə süründürülərkən.

Prezident İlham Əliyev Ermənistan dövlət başçısını (adını yazıb yazımı bulaşdırmaq istəmirəm) hansı rəzil kökə salıbsa, Azərbaycan Ordusu da Ermənistan ordusunu o miskin hala gətirir və gətirəcək!

Adamın gərək düşməndə də bəxti gətirə. Bizə düşmənin də ən nacinsi qismət olub.

Prezident İlham Əliyev oktyabrın 11-də Rusiyanın RBK televiziya kanalına verdiyi müsahibəsində çox ibrətli sözlər deyir ki, hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmazsa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır.

Lakin nəfəsi yalanla gedib-gələn, bütün mahiyyəti riyakarlıq və saxtakarlıqdan ibarət Ermənistan rəhbərliyi ilə bunu necə edəsən?!

Moskvada yarım gün sürən danışıqlardan sonra, yalvar-yaxar humanitar atəşkəsə izin alandan dərhal sonra Ermənistan Gəncəyə, dinc əhaliyə gecənin bir aləmində raket atəşləri açır, insanları qətlə yetirməyi, dağıntılar törətməyi davam etdirirsə, onunla hansısa yeni danışığa necə etibar edəsən?

Prezident İlham Əliyev onların bu xislətini də açıq bəyan edib və həm Rusiya tamaşaçıları, həm də digər ölkələrdə RBK kanalına baxan milyonlarla başqa tamaşaçı da bunları görüb-eşidəcək: "Böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Yəqin, onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur".

Prezident İlham Əliyevin bir vacib gücü də onun milləti və dünya ilə səmimi rəftarı, siyasi özünüifadənin gərəkən şərtlərini gözləməklə mümkün olduğu qədər həmişə açıq, heç nəyi pərdələmədən, gizlətmədən danışmasıdır.

Bu isə qətiyyən rahat və sadə nail olunan keyfiyyət deyil.

Baxın, bu həqiqətləri öz adı ilə deyən İlham Əliyevdir, bunları Rusiya televiziyasına müsahibəsində deyir.

Moskvada müvəqqəti humanitar atəşkəs danışıqlarından sonrakı 2-ci gün, ermənilərin Gəncəni raket atəşinə tutması gecəsindən sonrakı birinci gündür, oktyabrın 11-dir.

Prezident İlham Əliyev Rusiyanın da, Ermənistanın da, bütün dünyanın da eşidəcəyi aydınlıqda deyir, kimin kim olduğunu açıqlayır, münaqişənin həllinin açarını da birbaşa göstərir: "Axı gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? - Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə, əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq".

Ordu o vaxt müzəffərliyə hazır olur ki, qüdrətinə inandığı sərkərdəsiylə irəliləyir.

Millətin ən gərgin anlarda, ən ağır vəziyyətdə belə son zəfərə o zaman iman gətirir ki, önündə qadir başçının getdiyinə əmin olur.

Bu millət Prezident İlham Əliyevə həmişə inanıb, həmişə güvənib, daim onu sevib.

Belə olmasaydı, dörd dəfə ona səsini verərək taleyini tapşırmazdı.

Amma bu günlər ərzində xalq da, dost da, düşmən də Prezident İlham Əliyevi sanki yenidən kəşf etdi.

Cəsarətli, dərin, ürəkdən tikan çıxaran hər çıxışı, hər müsahibəsi, hər sözü, hər cümləsindəki hökm, qətiyyət, cürət, Vətən sevgisi istər-istəməz onu dinləyən hər yurddaşına da sirayət edir.

Prezident İlham Əliyev "Nəyi nə vaxt, necə etmək lazımdır, - mən bilirəm" deyirsə, xalq ona səmimi qəlbdən inanır və bilir ki, bu OĞUL gec-tez mütləq işğal altındakı torpaqların hər guşəsində üçrəngli bayrağımızı dalğalandıracaq.

Tanrı bu millətə ən yaxın zamanda Qarabağ cəbhəsindən tam zəfərlə qayıtmış əsgər balalarımızın o əziz torpaqlara ilk qədəm basmış çəkmələrini öpərək evlərinin divarında yuxarı başdan qələbə rəmzi kimi asmaq səadətini qismət etsin! 

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

“525-ci” qəzet