www.science.az
14.10.2020 10:30

Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq Ermənistanın əsas hədəflərindəndir

Region dövlətlərlə mehriban qonşuluq münasibətləri Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan Gürcüstanla münasibətlərə xüsusi əhəmiyyət verilir. Məlum olduğu kimi, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. İkitərəfli münasibətlər çoxşaxəli xarakterlidir. Bütün sahələrdə faydalı qarşılıqlı tərəfdaşlıq təmin edilib. Azərbaycan Respublikasının təşəbbüsçüsü və əsas iştirakçısı olduğu bütün layihələrdə Gürcüstan da yaxın tərəfdaş kimi təmsil olunur. Ermənistan isə yürütdüyü təcavüzkarlıq siyasəti nəticəsində beynəlxalq layihələrdən kənarda qalıb.

Bütün bunlar regiondakı sabitliyə, sülhə və təhlükəsizliyə ən böyük təhdid olan Ermənistanı və erməniləri narahat edir. Bir tərəfdən, Azərbaycanın Qafqazda və dünyada öz sözünü deməsi, regionun lider dövlətinə çevrilməsi, digər tərəfdən isə Gürcüstan üzərində təsir mexanizminin olmaması Ermənistan üçün arzuolunmazdır. Bu səbəblərdən Ermənistan və dünya ölkələrinə səpələnmiş, o cümlədən Gürcüstanda yaşayan ermənilər SSRİ-nin dağılmasının ardından Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərinin bərpasından bu yana hər vəchlə Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa səy göstərirlər. Lakin Azərbaycan və Gürcüstanın dövlət rəhbərlərinin siyasi iradəsi bu cəhdlərin uğursuz olması ilə nəticələnir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu uğursuzluğun səbəbini belə açıqlayır: "Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub”.

Azərbaycan-Gürcüstan münasibətləri 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın təbii ehtiyatlarını dünya bazarına çıxarılması ilə sürətli inkişaf yoluna qədəm qoydu. İqtisadi cəhətdən Azərbaycanın müstəqilliyini təmin edən bu müqavilə həm də iştirakçı və tranzit potensialına sahib ölkələrlə faydalı qarşılıqlı əməkdaşlıq qurulması baxımından olduqca əhəmiyyətli idi. Ermənilər müqavilənin imzalanmaması üçün özlərinə məxsus çirkin əməllərindən çəkinmirdilər. Ermənilərin mətbu orqanlarında da bu mövzuda geniş qarayaxma kampaniyası başlamışdı. Gürcüstandakı və xaricdəki erməni təşkilatları əsas ixrac neft boru kəmərinin keçəcəyi yerlərdə guya ekologiyaya ziyan vurulacağını "əsas gətirərək” çirkin kampaniya aparırdılar. Lakin bu fəaliyyətlər iflasa uğradı və əsas ixrac neft boru kəməri Gürcüstandan keçdi. Bununla da Gürcüstan iqtisadiyyatı dirçəlmiş oldu, gürcü xalqının sosial rifah halı yaxşılaşdı.

Ermənistanın və Gürcüstandakı erməni təşkilatlarının Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına hesablanmış addımları sonrakı illərdə də zaman-zaman atıldı və indi də davam etməkdədir. Azərbaycan və Gürcüstan bir sıra beynəlxalq və regional layihələrdə uğurla əməkdaşlıq edirlər. Belə regional layihələrdən biri isə Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. Cənubi Qafqazda sabitliyin əsas qənimi olan Ermənistan layihənin planlaşdırıldığı ilk gündən etibarən hər şəraitdən yararlanmağa çalışaraq müxtəlif mövqelər ortaya qoymağa başladı. Ermənistan ilk oncə dəmiryolu xəttinin reallaşmasının mümkünsüzlüyünü iddia edən informasiyalar yaymağa çalışdı. Həmin günlərdə Rusiya və işğalçı Ermənistanın mediasında Gürcüstanda yenicə iqtidara gələn "Gürcü Arzusu” koalisiyasının Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini dəstəkləmədiyi barədə müəyyən məlumatlar dərc olundu. Eyni zamanda müvafiq nəqliyyat xəttinin səmərəli olmadığı və Gürcüstanın iqtisadi infrastrukturu üçün risklər doğurduğu iddia edildi.

Həmin taktikanın layihənin dayandırılmasına kifayət etmədiyini görən Ermənistan daha sonra layihədən yararlanmağa çalışmaq üçün təkliflər verməyə başladı. Lakin Azərbaycanın buna imkan verməyəcəyini dəqiqləşdirəndə Gürcüstanla əlaqələri genişləndirmək üçün hərəkətə keçdi. Belə ki, 2017-ci ilin dekabrında Gürcüstana səfər etmiş Ermənistan Prezidenti Serj Sarkisyan ilə gürcü həmkarının görüşü zamanı Abxaziya dəmiryolunun açılmasının mümkünlüyünə işarə vuruldu.

Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolunun açılmasından sonra ağır vəziyyətdə olan iqtisadiyyatını xilas etmək üçün Abxaziyadan keçən dəmiryolunun açılmasına çalışır. İrəvan bir neçə ildir ki, Gürcüstan hakimiyyətindən bu dəmiryolu xəttinin açılmasını "xahiş edir.” Bu cəhdlərində Ermənistan bir neçə məqsəd güdür. Hər şeydən əvvəl, bu dəmiryolu ilə Ermənistan-Rusiya nəqliyyat əlaqəsi yaranacaq və blokadası aradan qaldırılacaqdır. Bununla da Rusiyadan hərbi təyinatlı yüklərin Ermənistana dəmiryolu ilə daşınması reallaşacaqdır.

Əsas məqsədlərdən biri də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına zərbə endirməkdir. Lakin bu, alternativ ərazi bütövlüyü pozulan Gürcüstan üçün nə iqtisadi, nə də siyasi cəhətdən əlverişlidir. Bu şərtlər daxilində Gürcüstanın belə bir addımı atması - Abxaziya dəmiryolunun açılması rəsmi Tbilisi üçün siyasi intihar olar. Gürcüstanın Abxaziya dəmiryolunun açılmasına razılıq verməsi ölkənin ərazi bütövlüyünə qarşı ən böyük təhdidlərdən biri, separatçı Abxaziya ilə rəsmi əlaqələrin qurulması mənasına gəlir. Bu, Gürcüstanın qondarma Abxaziyanı müstəqil dövlət kimi de-fakto tanıması, ölkə ərazisinin parçalanmasına razılıq verməsi deməkdir.

Abxaziya dəmiryolunun açılmasında əsas maraqlı tərəf Ermənistan olduğundan erməni mətbuatı ölkə rəhbərliyinə dəstək verərək artıq Bakı-Tbilisi-Qars layihəsinin yararsız olduğu, Abxaziya layihəsinin isə əhəmiyyətini şişirdən informasiyalar yayırdı.

Ermənistan və erməni təşkilatları Azərbaycanın təbii ehtiyatlarının dünya bazarına nəqlinə dair ard-arda razılaşdırılan qlobal layihələrdən sonra bir tərəfdən regionda var olmaq üçün özünə yol axtarmaq, digər tərəfdən Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli münasibətlərə kölgə salmaq üçün addımlar atmağa başladılar. Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisindən keçməklə ixracı Ermənistanın tranzit ölkə olma xəyalları qurmağa başlamasına səbəb oldu. Belə ki, Ermənistan İran təbii qazının öz ərazisindən keçməklə əvvəlcə Gürcüstan, daha sonra Avropa ölkələrinə nəqli ilə bağlı planlar tərtib etməyə başladı. Dəyəri 120 milyon dollar olan təbii qaz boru xətti layihəsi 1990-cı illərin əvvəllərindən planlaşdırılsa da, texniki və maliyyə problemlərinin yaşanması səbəbindən zamanında tamamlana bilmədi. Daha sonra Ermənistanın enerji problemlərinin həll edilməsində siyasi maraqları olan Avropa İttifaqının maliyyə dəstəyi ilə bu layihə həyata keçirildi. Belə ki, Avropa İttifaqı İran-Ermənistan təbii qaz boru xəttinin çəkilməsinə dair texniki və hüquqi layihəsini hazırlamaq üçün 2001-ci ildə Ermənistana 30 milyon avro verdi. 2007-ci ildən etibarən İran qazı Ermənistana ixrac olunmağa başladı.

Sonrakı illərdə Ermənistan və İran təbii qaz boru xəttini Ermənistan və Gürcüstan ərazisindən keçərək Qara dəniz sahilinə qədər uzatmaq, buradan da dənizin dibi ilə çəkilməsi planlaşdırılan boru xətti ilə təbii qazı Ukraynaya nəql etmək və son nöqtə olaraq Avropaya çıxarmaq haqqında planlar qurmağa başladı. Ermənistan bu layihənin rentabelli olduğunu sübut etmək üçün Gürcüstanın da layihədə iştirak etməsinə çalışırdı. Ermənistan İran ilə əməkdaşlığının bölgənin xeyrinə olduğunu və enerji layihələrində Gürcüstanın da iştirak edə biləcəyini vurğulayırdı.

2015-ci ildə Gürcüstanın enerji problemini alternativ mənbələrlə həll edəcəyi barədə bəyanat verməsindən sonra Ermənistan Prezidenti Serj Sarkisyanın tələsik şəkildə Gürcüstana səfər etməsi, İran təbii qazının Ermənistan üzərindən Gürcüstana nəql edilməsi məsələsini yenidən bölgə mətbuatının gündəminə gətirdi. Lakin işğalçı dövlətin cəhdi uğursuz oldu.

Ermənistan bu mövzuda növbəti gedişini 2019-cu ildə etdi. Belə ki, 2019-cu il fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 5-ci toplantısı keçirildi. Toplantıda Asiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının rəhbərləri, Böyük Britaniya, ABŞ, Türkiyə, İtaliya, Gürcüstan və başqa Avropa dövlətlərinin enerji nazirləri iştirak edirdilər. Bakıda keçirilən tədbirin ardından Ermənistan yenə həmişəki siyasətinə sadiq qaldı. Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi açıqlama yayaraq bildirdi ki, rəsmi Yerevan İran qazının Ermənistan ərazisindən Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya ixracını müzakirə etməyə hazırdır. Bunun ardınca isə mətbuatda belə bir xəbər yayıldı ki, fevralın 27-də baş nazir Nikol Paşinyan İrana rəsmi səfər edib. Regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalan Ermənistan yenidən düşdüyü təcrid vəziyyətindən çıxmaq üçün cəhd göstərirdi. Qeyd etmək lazımdır ki, İran və Ermənistan arasında mövcud təbii qaz xəttinin diametri kiçik olduğu üçün Gürcüstana qədər uzadıla bilməz. İrandan, Ermənistandan keçməklə Gürcüstana yeni təbii qaz boru xəttinin çəkilməsi isə olduqca bahalıdır. Gürcüstanın alternativ enerji mənbələri haqqında açıqlamaları isə Azərbaycan dövləti tərəfindən qəbuledilməzdir. Rusiya və ya İranın Gürcüstana Azərbaycandan ucuz təbii qaz satacağı ehtimalı olduqca azdır. Belə ki, bölgədə Rusiya strateji müttəfiqi olan Ermənistana qazın hər min kubmetrini 165 dollara satır. Rusiyanın və yaxud İranın (olmayan boru xətti ilə) Gürcüstana 55-65 dollara təbii qaz satacağı inandırıcı deyildir.

Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli faydalı əməkdaşlığı Ermənistanı ciddi şəkildə narahat edir. Bu dövlətlərin 2019-cu ildə keçirdiyi üçtərəfli birgə hərbi təlimlər Ermənistan mətbuatında hay-küyə səbəb oldu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmiryolunun təhlükəsizliyini təmin etmək üçün təşkil olunmuş "Eternity-2019” hərbi təlimlərində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbçiləri iştirak edirdilər. Birgə təlim zamanı iqtisadi layihələrin müdafiəsini nəzərdə tutan tapşırıqlar yerinə yetirildi. Amma Ermənistanı daha çox Gürcüstanın təlimlərdə iştirakı narahat edirdi. Bununla əlaqədar olaraq erməni mənbələrində yazılır: "Tbilisinin Bakı və Ankara ilə yaxınlaşması İrəvanda ciddi narahatlığa səbəb olub. Azərbaycan və Türkiyənin Ermənistana olan düşmən münasibətini nəzərə alanda bu, təbii reaksiyadır”.

Məsələyə münasibət bildirən Gürcüstanın Böyük Britaniyadakı keçmiş səfiri, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun böyük elmi işçisi Georgi Badridze Ermənistanın əsəbi reaksiyasının mənasız olduğunu, belə bir işbirliyinin Ermənistan və Rusiya arasında da mövcud olduğunu, Gürcüstanın bu mövzuda Yerevana indiyədək heç bir göstəriş vermədiyini bildirmişdi.

Gürcüstanda xeyli sayda erməni təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar Gürcüstanda təkçə separatçılıq fəaliyyəti ilə məşğul deyillər, həm də Gürcüstanın Türkiyə və Azərbaycanla olan münasibətlərini pozmaq istiqamətində geniş iş aparırlar. Onlar illərdir ki, niyyətlərini həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu təşkilatlar iddia edirlər ki, guya gürcülər azərbaycanlılarla əlbir olaraq erməniləri Samtsxe-Cavaxeti, Kvemo-Kartli (Borçalı) bölgələrindən sıxışdırmağa çalışırlar. Ozamankı Gürcüstan Prezidenti M.Saakaşvilinin müşaviri Van Bayburtyan məktubu əsassız adlandırmış və Cavaxk təşkilatı tərəfindən yazıldığını bildirmişdi. Müşavirin sözlərinə görə, həmin təşkilat Rusiya tərəfindən maliyyələşdirildiyindən bu cür addım gözlənilən idi.

Bu təşkilat Gürcüstanda türklər və azərbaycanlılar əleyhinə davamlı əks-təbliğat ilə məşğul olur. Qondarma "erməni soyqırımı”nın ildönümündə bu təşkilatın fəaliyyəti daha da aktivləşir. Belə ki, hər il qondarma "soyqırımı” ildönümü günü bu birlik tərəfindən Türkiyə səfirliyinin qarşısında aksiya həyata keçirilir. Təkcə bu təşkilatın üzvləri deyil, Gürcüstanda yaşayan əksər ermənilər hər il aprelin 23-24-də uydurma "soyqırım”ın ildönümü ilə bağlı Samtsxe-Cavaxeti bölgəsi və paytaxt Tbilisidə aksiyalar təşkil edirlər. Aksiyalarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı qurumun bez qırığı olan üzdəniraq "bayrağı” qaldırılır. Gürcüstanın aidiyyəti qurumları yerli ermənilərin Azərbaycana qarşı təxribatının və separatçılığın təbliğinə yönəlmiş bu addımın qarşısını almaq üçün bir qayda olaraq, heç bir tədbir görmür. İşğaldan əziyyət çəkən və Azərbaycanın ərazi bütövlüyünü tanıyan Gürcüstanda belə hərkətlərin qarşısı dərhal alınmalı və təkrarlanmasına yol verilməməlidir.

Gürcüstanın erməni mənşəli vətəndaşları, təşkilat və birlikləri tərəfindən Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq üçün zaman-zaman təxribatlar törədilir, məqsədli şəkildə saxta informasiyalar yayılır.

Erməni təxribatı izləri Azərbaycan-Gürcüstan sərhədində, Keşikçidağ ərazisində də özünü göstərir. Keşikçidağ insidentinin köklərini aydınlaşdırmaq üçün tarixə nəzər yetirilməsində fayda vardır. Bu məbəd kompleksinin yerləşdiyi yüksəklik hələ sovet dövründə Azərbaycan ərazisi olub. SSRİ dağıldıqdan sonra Azərbaycan və Gürcüstan 480 kilometrlik məsafə boyunca uzanan sərhədlərinin delimitasiya və demarkasiyasına başladı. Bunun üçün hər iki ölkədə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiya yaradıldı. İndiyədək bu komissiyaların 11 dəfə iclası keçirilib. Son illərdə 168 kilometrlik məsafə üzrə ekspertlərin iştirakı ilə iş aparılır.

2019-cu ildə xristianların müqəddəs bayramı - Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycan ərazisi olan Keşikçidağ məbəd kompleksinə keçidin asanlaşdırılması üçün azərbaycanlı həmkarlarına rəsmən müraciət etdilər və Azərbaycan-Gürcüstan münasibətlərinə uyğun olaraq onlara müsbət cavab verildi. Növbəti həftədə eyni məzmunlu müraciəti Azərbaycan tərəfi anlayışla cavablandırdı. Qeyd etmək lazımdır ki, sözügedən qədim dini obyekt uzun illər gürcülər üçün o qədər də ciddi əhəmiyyətə malik olmayıb. Amma nə qədər qəribə olsa da, birdən-birə bu məbədə diqqət artırıldı, ziyarətçilərin sayı çoxaldı, din adamlarının maraq nöqtəsinə çevrildi. Bu fəallaşmanın fonunda isə xüsusi adamlar meydana çıxaraq qarşıdurma yaratmağa çalışdılar. Bütün bunların təsadüfi olduğu inandırıcı deyildir. Azərbaycanlıların Keşikçidağ, gürcülərin David Qareçi adlandırdığı məbədin ətrafında qurulan oyuna dini don geyindirmək iyrənc məqsədli adamlar üçün ayrı-ayrı dinə mənsub olan iki xalq arasında nifaq yaratmağın ən yaxşı üsulu idi. Çünki Azərbaycan və Gürcüstan dövlətlərinin qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Sıravi vətəndaşlar arasında da ciddi narazılıqdan söhbət gedə bilməz. Dini-etnik istiqamət isə qarşıdurmanın yaradılması üçün ideal iyrənc plan hesab oluna bilər. Əgər Azərbaycan əsgərləri üzərinə hücum edən insanları uzaqlaşdırmaq üçün silahdan istifadə etsə, bu, yaralanma və ya ölümlə nəticələnsəydi, Azərbaycan-Gürcüstan münasibətləri köklü şəkildə pozula bilərdi. Həmçinin Azərbaycana dünya ölkələrinin gözündə silahsız xristianlara silah çəkən radikal və "vəhşi” müsəlman ölkəsi kimi damğa vurula bilərdi. Azərbaycan əsgərinin soyuqqanlığı və ayıq-sayıqlığı, ölkə rəhbərliyinin uzaqgörənliyi gələcəkdə böyük problemlərə yol aça biləcək məkrli təxribatın qarşısını aldı, dini don geyindirilmiş planın həyata keçirilməsinə mane oldu. Hadisələrin ardıcıllığına fikir verdikdə aydın olur ki, Azərbaycan, Gürcüstan və digər ölkələr arasındakı çoxşaxəli münasibət müəyyən qüvvələrin hədəfindədir və bu, iki ölkəyə qarşı törədilən təxribat xarakterli əməllərdən biridir.

Qeyd etmək lazımdır ki, təkcə Gürcüstanın Azərbaycan sərhədi deyil, Gürcüstan- Ermənistan sərhədləri də delimitasiya və demarkasiya edilməyib. Gürcüstan-Azərbaycan sərhədi regionun, bəlkə də dünyanın ən sabit və təhlükəsiz sərhədidir. Gürcüstan-Ermənistan sərhədinin delimitasiya olunmaması isə problem yaradan məsələdir.

Diqqət yetirilməli digər məsələ ondan ibarətdir ki, SSRİ-nin dağılmasından sonrakı illər ərzində Ermənistan sərhədçiləri qanunsuz olaraq Gürcüstan-Ermənistan sərhədini Gürcüstan tərəfə "sürüşdürür”lər. Ermənistan hakimiyyəti Gürcüstanın onlarca kvadrat kilometr ərazisinə qanunsuz olaraq "sahiblik” edir. Bu, təkcə Gürcüstan və sərhəd bölgələrinin əhalisi üçün zərərli deyil, həm də sülh və təhlükəsizliyə təhdid də ola bilər. Ermənistan sərhədçiləri Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan sərhədlərinə bitişik əraziləri də qeyri-qanuni olaraq "sürüşdürür”. Nəticədə bu ərazilərin Gürcüstan ərazisindəki "kəsişən” sərhəd əraziləri Ermənistan tərəfindən özbaşına irəli çəkilib. Üstəlik, Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan sərhədlərinin qovşağında Ermənistan tərəfi Gürcüstan ərazisinə qanunsuz olaraq hərbi bölmələrini daxil edib. Yəni Ermənistan təcavüzkar kimi özbaşına sərhədi "sürüşdürməklə” yanaşı, həm də qoşunlarını "qanunsuz” şəkildə o əraziyə yerləşdirib. Və əslində bu, Gürcüstan ərazisində hərbi əməliyyatları təhrik etməyə başlayıb. Azərbaycanın qonşusu olan Gürcüstanın ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı Azərbaycanın sərhədçilərinin Qazax rayonunda Ermənistanla sərhəddə bir sıra strateji yüksəklikləri ələ keçirməsi ilə başa çatmış oldu. Belə ki, Gürcüstan ərazilərini qanunsuz işğal edən erməni qoşunları Azərbaycan sərhədçilərinin yeni mövqeləri ilə Gürcüstanın işğal edilməyən əraziləri arasında "sıxışdırıldı”. Nəticədə erməni işğalçıları sərhəd qovşağına bitişik gürcü torpaqlarını qismən təmizləməyə məcbur oldular. Erməni təxribatçıları bu uğursuzluqdan belə dividend çıxartmağa, eyni zamanda Gürcüstanla Azərbaycan arasındakı münasibətləri pisləşdirməyə çalışdılar. Məsələn, millətçi bir erməni nəşri olan "panarmenian.net” saytında təxribat xarakterli bir yazı yerləşdirildi: "Bellingcat: Azərbaycan Gürcüstan ərazisinə daxil olmağa çalışır. Azərbaycan Babakər dağının Gürcüstan hissəsindəki yeni yüksəkliklərdə mövqeyini möhkəmləndirib”.

Babakər dağı Ermənistan, Gürcüstan və Azərbaycanın dövlət sərhədlərinin qovuşduğu bir nöqtədir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan sərhədçiləri 2019-cu il avqustun 16-da Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikləri ələ keçirdikdə və Gürcüstan tərəfə baxan Babakər dağının yamacında yerləşən erməni qoşunları Azərbaycan Ordusunun "silahının altında” görünən kimi tez bir zamanda Gürcüstan ərazisini tərk etdilər. Azərbaycan sərhədçiləri Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədlərini heç vaxt pozmayıb və Gürcüstan ərazisinə bir metr də olsun daxil olmayıblar. Lakin buna baxmayaraq, erməni saxta informasiya maşını xarici mediada təxribat xarakterli məqalələrlə "hay-küy” salmağa çalışır.

Tarix boyu ermənilərin əsas ideologiya mərkəzləri erməni kilsələri olub. Bu kilsələr digər dini qurumlardan fərqli olaraq sülhə, əmin-amanlığa deyil, işğalçılığı təbliğ etməyə və ölkələr arasına nifaq salmağa kökləniblər. 2017-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli növbəti tədbir təşkil edildi. Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki Ayartun mərkəzində qondarma "Dağlıq Qarabağ Respublikası”ndan olan yeddi gənc rəssamın əsərlərindən ibarət "Dirçəliş” adlı sərgi açıldı. Ermənilərin bu addımı gürcü alimi Quram Marxuliya tərəfindən də qəti şəkildə pislənildi və munasibətlərə zərər vuran təxribat olduğu vurğulandı.

Erməni kilsəsinin bu səpkili tədbirləri davamlı xarakter daşıyır. Belə təxribatlardan biri də Azərbaycan mətbəxinə qarşı yönəldilib. 2019-cu ildə Tbilisidəki Gevorg kilsəsinin həyətində Azərbaycan dolmasını milli yeməkləri kimi təqdim edib "Tolma-2019” adlı festival təşkil etdilər. Göründüyü kimi, ermənilər yalnız Ermənistanda deyil, dünyanın müxtəlif ölkələrindəki kilsələrin imkan və nüfuzundan öz yalanlarını yaymaq məqsədi ilə istifadə edirlər.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin 2019-cu il hesabatına görə, ölkədəki ermənilər və ermənipərəst qüvvələr Gürcüstanın qonşuları ilə, ilk növbədə, Azərbaycanla münasibətlərini pozmağa cəhd edirlər. Həmin hesabatda yazıldığı kimi, xarici ölkələrin xüsusi xidmət orqanları informasiya müharibəsindən, yalan məlumatlardan və təbliğat kampaniyasından istifadə edirlər. Ermənistan Respublikası Gürcüstandakı erməni diasporu və ermənipərəst qüvvələr vasitəsi ilə öz səylərini bu sahədə birləşdirir.

Gürcüstanda milli azlıqların nümayəndələrinin problemləri ilə məşğul olmaq üçün Prezident, Tbilisi merliyi, Ombudsman yanında Milli azlıqlar məsələləri üzrə şuralar fəaliyyət göstərir. Lakin bu şuraların etnik tərkibi eynidir. Burada etnik ermənilər və gürcüləşmiş ermənilər (gürcü soyadını qəbul edərək öz mənşəyini gizlədənlər), həmin şuraların rəhbərlərinin 95 faizini, onun tərkibinin 50 faizdən artığını təşkil edirlər. Bununla da onlar səs çoxluğu ilə istədikləri məsələləri öz xeyirlərinə həll etmək iqtidarındadırlar. Gürcüstan Elm və Təhsil Nazirliyində də müxtəlif vəzifələr tutan erməniəsilli məmurlar orta məktəb tarix dərsliklərində Gürcüstan-Azərbaycan və Gürcüstan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək "fakt” və "materialları” yerləşdirirlər. Şagirdlərin gələcəkdə dövlət adamı, siyasətçi, ictimai xadim, yazıçı, jurnalist, alim və digər peşə sahibləri olacaqları nəzərdən qaçırılmasa, bu fəaliyyətin Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin soyuqlaşdırılmasına yönəldiyi aydın olur. Deməli, Gürcüstanda gürcü soyadları ilə dövlət və hakimiyyət qurumlarında işləyən ermənilərin fəaliyyətləri də dövlətlərarası münasibətlər üçün təhdiddir.

Fakt və materiallar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pozulması üçün çalışan qüvvələr aşağıdakılardır: Ermənistan dövlət və hökumət nümayəndələri, Ermənistan informasiya vasitələri, erməni diaspor təşkilatları, xaricdə yaşayan ermənipərəst siyasətçilər və elm adamları, xaricdəki ermənipərəst media nümayəndələri, Gürcüstandakı Ermənistan səfirliyi, Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları, Gürcüstanın erməni mənşəli əhalisi, Gürcüstanda fəaliyyət göstərən erməni mənşəli informasiya mənbələri, Gürcüstanda fəaliyyət göstərən erməni kilsəsi.

Ermənilərdən fərqli olaraq Gürcüstanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar ən çətin və mürəkkəb zamanlarda gürcülərə köməyə gəlib, Gürcüstanı yadelli qüvvələrdən qorumaqda fədakarlıq ediblər. 1918-1920-ci illərdə Daşnak Ermənistanı Gürcüstana qarşı hərbi təcavüz edərkən azərbaycanlılar silaha sarılaraq gürcülərlə çiyin-çiyinə döyüşüblər. Bu fədakarlıq dövlət müstəqilliyi bərpa edildikdən sonra Abxaziyada separatçılığa qarşı döyüşlərdə də özünü göstərib.

Münasibətlərin qorunması və yüksələn xətlə inkişafı hər iki dövlət üçün olduqca əhəmiyyətlidir. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionda sabitliyin, iqtisadi inkişafın zəmanətidir. Azərbaycan dövləti Gürcüstanın iqtisadi inkişafının hərəkətverici qüvvəsidir. Gürcüstan öz növbəsində tranzit ölkə kimi Azərbaycan üçün olduqca vacib tərəfdaşdır. Qədim tarixi tellərlə bir-birinə sıx bağlı olan hər iki dövlətin inkişafı münasibətlərin səviyyəsi ilə birbaşa əlaqəlidir. İki dövlət bütün sahələrdə - diplomatik-siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar, mədəni və s. sahələrdə tərəfdaşdır, birlikdə iri regional layihələr həyata keçirirlər.

Münasibətlərin pozulması Azərbaycana və Gürcüstana heç nə qazandırmaz, hər iki dövlətə ziyan verər. Qazanan tərəf isə işğalçı Ermənistan olar. Bu səbəblərdən Azərbaycan-Gürcüstan münasibətlərinin indiki vəziyyəti qorunub-saxlanılmalı, daha da inkişaf etdirilməli və təxribatların qarşısı qətiyyətlə alınmalıdır.

Samirə HƏBİBBƏYLİ, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı

"Azərbaycan" qəzeti