www.science.az
14.10.2020 11:16

Hüseyn Cavidin aforizmləri Azərbaycan və ingilis dillərində çapdan çıxıb

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Cavid hikməti: seçmə aforizmlər” kitabı yenidən nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmləri, həmçinin müxtəlif əsərlərindən hissələr Azərbaycan və ingilis dillərində oxucuların istifadəsinə verilib.

Hüseyn Cavidin külliyyatı əsasında hazırlanan topluda dahi sənətkarın insanlıq, haqq, ədalət, vətən, qadın, məhəbbət və digər mühüm mətləblər haqqında müdrik sözləri, görkəmli şəxslərin ədib haqqında dəyərli fikirləri yer alıb. Kitaba çətin anlaşılan sözlərin qısa lüğəti də əlavə olunub.

Nəşrin tərtibçisi və “Ön söz”ünün müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaktoru isə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Qeyd edək ki, kitabda toplanan aforizmləri, “Ön söz” və lüğəti ingilis dilinə tərcümə edən Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və Hüseyn Cavidin Ev Muzeyinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fəridə Əliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.