www.science.az
14.10.2020 11:56

Naxçıvan Bölməsində cari ilin 9 ayında mühüm nəticələr əldə olunub

AMEA-nın Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən iclas keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.

Daha sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov hesabat dövrünün əsas nəticələrini diqqətə çatdırıb. Bildirib ki, ötən müddət ərzində bölmə əməkdaşlarının 14 monoqrafiyası, 10 kitabı, 1 metodik vəsaiti, 308 elmi məqaləsi, 164 konfrans materialı və 5 tezisi olmaqla, 502 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 79 məqalə, 50 konfrans materialları və 5 tezis olmaqla, cəmi 137 əsər xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 13-ü “Clarivate Analytics” olmaqla, 36-sı impakt faktorlu jurnallarda çap olunub. Həmçinin bir xəritə və bir buklet tərtib edilib, bölmə ıməkdaşlarının 531 qəzet məqaləsi işıq üzü görüb. Bundan əlavə, 5 monoqrafiya, 2 kitab, 345 elmi məqalə hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub. Hesabat dövründə əməkdaşların 359 əsərinə istinadlar qeydə alınıb. Açıq dünya ensiklopediyası olan vikipediyada 14 yeni məqalə, 5 yeni şablon yaradılıb və 30-dan çox məqalə üzərində redaktə işləri aparılıb.

Qeyd olunub ki, bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının 2 nömrəsi çapdan çıxıb. Bundan əlavə, bölmədə keçirilmiş “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq konfransın və “Naxçıvanın muxtariyyəti: tarixdə və günümüzdə” respublika konfransının materialları nəşr olunub. “Naxçıvan tarixi mənbələrdə” kitabı, “Nağı Nağıyev: taleyi və sənəti” məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılan İşçi qrupu geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görüb. Diqqətə çatdırılıb ki, Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən geoparkın layihələndirilən ərazisinin geoloji, geomorfoloji, landşaft tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri, bu ərazidə yerləşən tarix-mədəniyyət, arxeoloji abidələr siyahısı qruplaşdırılıb, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Obyektlər barədə kompüter məlumat bazası yaradılıb.

Vurğulanıb ki, bu dövrdə bölmədə Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibləri müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. “Şorsu” müalicəvi palçığının həm krem, həm də quru toz formasında istehsalı işi davam etdirilir. O cümlədən Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində də işlər davam etdirilir.

Həmçinin bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq gülab istehsalına başlanılıb. Laboratoriyanın imkanlarından istifadə etməklə çaytikanı, kəklikotu, yovşan, razyana, çöl nanəsi, üzərlik yağları, sarı çiçəkdən həm rəng, həm də toxumundan yağ, eyni zamanda itburnu doşabı, müxtəlif çeşidli mürəbbələr və kompotlar istehsal etmək nəzərdə tutulub.

Bildirilib ki, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” sərəncamına əsasən bölmənin 50 elmi dərəcəsi olan əməkdaşı hazırda 29 ümumtəhsil məktəbində 8 fənn üzrə nümunəvi dərslər tədris edir. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisas üzrə təhsil alan tələbələrinin iştirakı ilə elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri keçirilib. Bundan əlavə, Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Cari ildə əməkdaşların rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanıblar.

Hesabat dövründə bölmə əməkdaşları 20-dən çox elm və təhsil müəssisələrinin alimləri ilə sıx əlaqələrdə olub, səmərəli əməkdaşlıq ediblər. Bölmənin 36 əməkdaşı 18 beynəlxalq tədbirdə məruzə ilə çıxış edib, eləcə də hazırda 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir.

Elmi-təşkilat şöbəsinin müdiri Orxan Bağırovun məruzəsi dinlənildikdən sonra hesabat ətrafında müzakirələr aparılıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək əsərlərin müxtəlif dillərdə nəşr olunmasının zəruriliyini vurğulayıb. Alim cari ildə xaricdə işıq üzü görən əsərlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən çox olmasını, eləcə də məqalələrin sayının artmasını yüksək qiymətləndirib.

Sonda əməkdaşlara fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq davam etdirmələri ilə bağlı müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.