www.science.az
14.10.2020 15:07

Şərqşünas alimin Qarabağ həqiqətlərinə dair məqaləsi “Arabi21” saytında yayımlanıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Erməni yalanlarını ifşa edən iki tarixi sənəd” adlı məqaləsi “Arabi21” saytında yayımlanıb.

Məqalədə Dağlıq Qarabağın statusuna dair erməni yalanlarını ifşa edən iki tarixi sənədin tərcüməsi və izahı öz əksini tapıb. Sənədlərin birincisi Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenum iclasının protokolu, digəri isə  Rusiya Kommunist Bolşevik Partiyası Qafqaz Əyalət Komissarlığının üzvü, erməni əsilli A.Mikoyanın Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi və Sovet Xalq Komissarlığının sədri Vladimir Leninə məktubudur.

Hər iki sənəd qəti surətdə təsdiqləyir ki, Qarabağ Azərbaycanın tarixi ərazisi olub, heç vaxt ərazi inzibati vahidi olaraq Ermənistanın tərkibində olmayıb. 5 iyul 1921-ci il tarixli birinci sənəddə aydın surətdə göstərilir ki, Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenum iclasının iştirakçıları, o cümlədən Büronun erməni üzvü Nazaretyan Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi haqqında qaldırılmış məsələnin müzakirəsindən sonra Qarabağ ərazisinin Azərbaycanla daimi (tarixi) əlaqəsini nəzərə alaraq onun Azərbaycanın tərkibində saxlanılması ilə razılaşırlar. Deməli, bir tərəfdən, tarixi həqiqət etiraf olunur, digər tərəfdən, Qarabağın Azərbaycana verilməsindən deyil, onun tərkibində saxlanılması haqqında qərar qəbul edilir.

İkinci sənəd isə Ermənistan dövlətinin qurulması və möhkəmlənməsində böyük rol oynamış A.Mikoyanın Leninə məktubundan ibarətdir. Məktubun mətnindən məlum olur ki, Mikoyan Qarabağı Ermənistana birləşdirmək istəyən daşnaklardan şikayətlənir, Qarabağ ermənilərinin Yerevanla heç bir tarixi əlaqəsinin olmadığını etiraf edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.