www.science.az
14.10.2020 14:31

Yaşasın Azərbaycan Ordusu!

30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş müxtəlif beynəlxalq təsisatlara qədər, bütün sivil dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə rəsmi hüquqi sənədlərdə açıq mətnlə təsbit edib.  Bütün bunlara baxmayaraq, beynəlxalq müqavilələrdən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğu halda bunu icra etməyən Ermənistan dövlətinin silahlı qüvvələri təcavüzkar siyasətinə sadiq qalaraq 27 sentyabr 2020-ci il tarixindən başlayaraq beynəlxalq hüquq normalarını növbəti dəfə kobud şəkildə pozmaqla cəbhə bölgəsi və buradan uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, tarixi-mədəni binaları və strateji əhəmiyyətli digər obyektləri ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə etməklə intensiv şəkildə atəşə tutur. Erməni təxribatına cavab olaraq  Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb.  Əks-hücum əməliyyatları nəticəsində işğal altındakı bir sıra kəndlərimiz və strateji yüksəkliklər düşməndən azad edilib. 

Hər birimiz bu ağır gündə birləşib bir yumruq olmalı, dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevə dəstəyimizi ifadə etməliyik. “Böyük Qələbə gününü yaxınlaşdırmaq üçün əlimizdən gələni etmək bizim hər birimizin borcudur!”, - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sözləri bütün vətəndaşlarımıza ünvanlanıb. Bu həssas və məsuliyyətli dönəmdə hər bir azərbaycanlı kimliyindən və çalışdığı sahədən aslı olmayaraq vətəninə faydalı olmağa çalışmalıdır. Bu gün biz düşmənin informasiya müharibəsinə qarşı  bir nəfər kimi səfərbər olmalı, yerli və xarici kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə dayanmadan Qarabağ həqiqətlərini yaymalı, Ermənistan tərəfindən yayılan dezinformasiya ilə mübarizə aparmalı, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmalıyıq. Çünki bizim işimiz haqq işidir! Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk, bizə aid olanı geri alırıq və alacağıq!   

AMEA-nın Biofizika İnstitutunun kollektivi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuzun yanındadır və bu haqq yolunda ordumuza yeni qələbələr arzu edir.

Zəfər bizimlədir! Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.