www.science.az
15.10.2020 14:25

İqtisadi əlaqələr regionda sabitliyin qarantı kimi

Məlum olduğu kimi, “iqtisadiyyat siyasəti müəyyən edir”. Dövlətlərarası iqtisadi münasibətlər yalnız zəruri gəlirin əldə olunmasında deyil, həmçinin xarici siyasət, elm, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşları müəyyən edir.

Bu günlərdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, dosent Esma Əmir-İlyasovanın rus dilində “XX-XXI əsrlərin qovşağında Türkiyə-Azərbaycan iqtisadi əlaqələri regional və beynəlxalq əməkdaşlıq kontekstində” («Турецко-азербайджанские экономические связи на рубеже XX-XXI вв. в контексте регионального и международного сотрудничества») monoqrafiyası işıq üzü görüb. Kitabın elmi redaktoru AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Fuad Qənbərov, rəyçiləri isə iqtisadiyyat, texnika və nəqliyyat üzrə elmlər doktoru, professor Ədalət Əliyev və iqtisad elmləri doktoru, professor Gülənbər Əzizovadır.

Monoqrafiya son 25-30 ildə iki ölkənin iqtisadi inkişafını nəzərə almaqla Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsinə geosiyasi amillərin və nəzəri əsasların təsirinin təhlilinə həsr edilib. Elmi əsərdə idxal-ixrac mübadiləsində Türkiyə və Azərbaycanın yeri və rolu araşdırılır, onların inteqrasiya proseslərindəki rolu, makroiqtisadi reyting göstəriciləri üzrə iki ölkənin iqtisadiyyatının dünya iqtisadiyyatına cəlb edilməsi əsaslandırılır.

Müəllif baş verən prosesləri yalnız müqavilə, çoxtərəfli saziş, beynəlxalq konvensiyalar və institutlar üzərindən deyil, həmçinin ticarət, investisiyalar, elmi-texniki əlaqələr və digər sahələr üzərindən də təhlil edir. Bu zaman müqayisəli təhlilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ilə bərabər inkişaf etmiş Qərb ölkələri və bir sıra inkişafda olan ölkələr cəlb edilir. Bütün bunlar biliklər iqtisadiyyatına doğru inkişaf edən dünya iqtisadiyyatının qloballaşması şəraitində böyük aktuallıq kəsb edir.

Monoqrafiyanın hər biri üç bölmədən ibarət olan iki fəslində 1991-2015-ci illərdə inkişaf edən ikitərəfli iqtisadi əlaqələrin siyasi və hüquqi əsasları, Şərqi Avropa və MDB ölkələrinin plan iqtisadiyyatlarının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlərə inteqrasiyası, Türkiyə, Azərbaycan və həmsərhəd ölkələrin iqtisadiyyatının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlərə cəlb olunması, habelə reytinq göstəriciləri üzrə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı (həcmi, dinamikası, texnoloji səviyyəsi və s.) və bu kimi mühüm məsələlər araşdırılır.

Elmi əsərdə təqdim olunan cədvəllərdə müxtəlif statistik məlumatlar yer alır. Burada regional birlik, ticarət blokları, müxtəlif məhsul strukturları, nomenklaturalar və ölkə qrupları üzrə Türkiyə və Azərbaycan arasında idxal və ixracın strukturu, iki ölkənin sənaye inkişafının indeksləri, mühüm məhsul qrupları üzrə əsas ixrac və idxalın göstəriciləri, Türkiyə və Azərbaycan arasında həyata keçirilən ticarətin dinamikası, ölkələrin iqtisadiyyatına yetirilən kredit və xarici investisiyaların həcmi və bir çox digər iqtisadi inkişaf göstəriciləri verilir. Bundan əlavə, cədvəllərdə Türkiyə və Azərbaycanda yüksək texnologiyalar sahəsi üzrə istehsal olunan məhsulların idxalı və ixracı, növlər üzrə sənayedə innovasiya texnologiyalarına xərclənən vəsaitlər, bilik və kommunikasiya texnologiyalarının inkişaf indeksləri üzrə müqayisəli təhlil, həmçinin müxtəlif ölkələrdə elm və texnologiyaların inkişaf göstəriciləri haqqında məlumat təqdim olunur.

Monoqrafiyada müəllif qeyd edir ki, dünya ölkələri iqtisadiyyatının informasiya-kommunikasiya və digər yüksək texnologiyalardan asılılığının artdığı və dövlətlərarası iqtisadi əlaqələrin dərinləşməsi və genişləndirilməsi şəraitində xarici ticarət siyasətinin və iqtisadi siyasətin həyata keçirilməsi onların müasir tələblərə uyğun olub-olmamasından birbaşa asılıdır: “Buna görə Türkiyə və Azərbaycan üçün postsovet məkanı və bir sıra qonşu ölkələr ilə qarşılıqlı regional əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı Qərb ölkələrinin iqtisadiyyatının energetik ehtiyyatların idxalından asılılığını və ölkəmizə daxil olan əsas gəlirin neft istehsalı ilə bağlı olduğunu nəzərə alaraq deyə bilərik ki, mühüm məsələlərdən biri də neft yataqlarının istismarının səmərəliyinin artırılmasıdır”.

Alim həmçinin, Avropa Birliyinə inteqrasiya, investisiya layihələrinin genişləndirilməsi, elmtutumlu sənaye sahələri və yüksək texnologiyaların inkişafının iqtisadi artıma və biliklər iqtisadiyyatının daha sürətlə formalaşmasına təkan verəcəyini vurgulayır. Bütün bu məsələləri təhlil edərək və Türkiyə ilə Azərbaycan arasında strateji iqtisadi əməkdaşlığın perspektivlərinə nəzər yetirərək müəllif müxtəlif hesablamalar aparır və bu hesablamalara əsaslanaraq ölkələrdə mövcud olan potensialın səmərəli istifadəsi və iqtisadiyyatın rəqabətliliyinin artırılmasına yönələn bir sıra təkliflər də irəli sürür.

Monoqrafiya dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan, habelə Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini və gələcək perspektivlərini araşdıran mütəxəssislər üçün nəzərdə tutulub.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsisənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.