www.science.az
15.10.2020 14:40

Akademik Gövhər Baxşəliyevanın Ermənistanın işğal siyasəti barədə məqalələri ərəb ölkələrində yayımlanıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti" adlı məqaləsi İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyi tərəfindən dərc olunub.

Akademik Gövhər Baxşəliyeva öz məqaləsində tarixi faktlara və beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə əsaslanaraq Qarabağın Azərbaycanın qədim torpaqları olduğunu vurğulayıb, Ermənistan hərbi-siyasi hakimiyyətinin keçən əsrin əvvəllərindən başlayaraq dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımlar haqqında geniş məlumat verib. Məqalədə həmçinin 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsinə toxunulub, erməni hərbi birləşmələrinin yerli əhaliyə qarşı törətdiyi soyqırım haqqında faktlar qeyd edilib.

Akademik Gövhər Baxşəliyevanın eyni adlı məqaləsi Misir Ərəb Respublikasının "əl-Diplomasi" informasiya portalı tərəfindən də yayımlanıb. Alim məqalədə yuxarıda qeyd edilmiş məsələlərlə yanaşı, Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni və qətnamələrdə Ermənistan hərbi-siyasi hakimiyyətinin Azərbaycanın qədim torpaqlarının işğalını pisləyən müddəaları, həmçinin işğalçı hərbi birləşmələrinin işğal olunmuş əraziləri dərhal tərk etməsi ilə bağlı tələbləri qeyd edib. Məqalədə Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumat verilib. Akademik Gövhər Baxşəliyeva öz məqaləsində son dövrlər Ermənistan hakimiyyətinin həyata keçirdiyi hərbi təxribatlar, Ermənistan hərbi qüvvələrinin dinc əhalini ağır silahlardan atəşə tutması, təxribat xarakterli hücumlar nəticəsində mülki əhaliyə dəymiş mənəvi və maddi zərərlər haqqında da söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.