www.science.az
16.10.2020 11:02

Regionda inkişaf tapmış struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri tədqiq edilir

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Geotektonika və regional geologiya şöbəsi “Şərqi Qafqaz və yanaşı Xəzər akvatoriyası struktur-maddi komplekslərinin dərinlik tektonikası və geodinamik təkamülü modelləri” mövzusunda elmi-tədqiqat işini davam etdirir.

Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib ki, mövzu çərçivəsində ilkin olaraq regionda inkişaf tapmış müxtəlif yaşlı struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və yarılma tektonikası modellərinin işlənib hazırlanması nəzərdə tutulur. Bu çərçivədə görülən işlər siyahısına seçilmiş geotraverslər üzrə dərinlik geoloji-geofiziki kəsilişlərin tərtibi, çöküntüəmələgəlmə, maqmatizm və tektonik proseslərin rekonstruksiyası, müasir geodinamik və seysmik proseslər arasında korrelyativ asılılıqların təhlili, Yer qabığının blok tektonikası və müxtəlif struktur-maddi komplekslərin səthləri üzrə struktur xəritə-modellərin tərtibi, paleomaqnit məlumatlar əsasında tektonik blokların kinematik parametrlərinin təyin edilməsi daxildir.

Elmi-tədqiqat işinin ikinci mərhələsində əldə edilmiş nəticələrin  və  paleomaqnit   məlumatların birgə emalı əsasında regionu təşkil edən tektonik blokların Fanerozoyda üfüqin hərəkətlərinin geosistem əsaslı rekonstruksiyası (palinspastik modelləşdirilməsi) həyata keçiriləcək.

5 il ərzində aparılması nəzərdə tutulan elmi-tədqiqat işi institutun Seysmostratiqrafiya, Seysmologiya və seysmik təhlükə, Müasir geodinamika və kosmik geodeziya, Petrologiya, Eksperimental petrofizika şöbələri, həmçinin AMEA-nın Neft və Qaz İnstitutunun Böyük dərinliklər geofizikası şöbəsi, Respublika Seysmoloji Xidmət Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin Kompleks Geoloji-Planalma İdarəsinin mütəxəssisləri ilə birlikdə görülür.

Tədqiqatlar çöl və kameral metodların sintezi əsasında aparılır. Çöl tədqiqatları ölkənin dağlıq ərazilərində geoloji planalma, məqsədli tematik araşdırma, seçilmiş geotraverslər üzrə əlavə paleomaqnit nümunələrinin götürülmə üsullarının tətbiqi ilə reallaşmaqdadır. Kameral tədqiqatlar çərçivəsində faktiki materialların təhlili, GİS-əsaslı modelləmə üsullarının tətbiqi ilə tektonik və paleomaqnit yenidənqurmaları plan üzrə həyata keçiriləcək.

Tələt Kəngərli qeyd edib ki, əldə olunacaq nəticələr müxtəlif istiqamətli geoloji elmi tədqiqatlar, geoloji planalma və geoloji kəşfiyyat işlərində, orta və uzunmüddətli perspektivdə filiz və karbohidrigen ehtiyatlarının artırılmasına yönəlmiş geoloji kəşfiyyat işlərinin əsaslandırılmasında və digər sahələrdə istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.