www.science.az
16.10.2020 12:14

Akademik Ağadadaş Əliyevin 80 yaşı tamam olur

Bu gün görkəmli kimyaçı alim, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsinin yaradıcısı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, akademik Ağadadaş Əliyevin 80 yaşı tamam olur.

Əliyev Ağadadaş Mahmud oğlu 16 oktyabr 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mexanika fakültəsini bitirib.

1969-cu ildə "Toluolun benzola əlaqəli hidrogenolizi reaksiyasının tədqiqi" mövzusunda fəlsəfə, 1985-ci ildə Qeyri-stasionar katalitik proseslərin modelləşdirilməsi mövzusunda isə elmlər doktoru elmi dərəcəsini alıb. Həmin il professor elmi adını alıb, 1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

1967-ci ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) baş mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, şöbə müdiri, laboratoriya müdiri, 1994-2010-cu illərdə direktor müavini, 2011-2014-cü illərdə direktor vəzifələrində çalışıb, hazırda isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şöbə və laboratoriya müdiridir.

O, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsinin yaradıcısıdır. Kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması onun əsas elmi fəaliyyətini təşkil edir.

A.Əliyevin rəhbərliyi ilə bir neçə yüksəktonnajlı sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanıb, onların əsasında optimal iş rejimləri hesablanıb və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilib. Alim etilen və aromatik karbohidrogenlərin birgə oksidləşmə reaksiyaları üçün aktiv katalizatorların seçilməsi istiqamətində elmi tədqiqat işləri aparıb və nəticədə xlorstirollann və viniltoluollann sintezi üçün yüksək effektli katalitik sistemlər hazırlayıb. Bundan əlavə, qaz fazasında etilbenzolun stirola dehidrogenləşmə reaksiyasının riyazi modelini tərtib edib. Onun rəhbərliyi altında alifatik spirtlərin və karbohidrogenlərin (olefin, parafin, naften) qaz fazasında oksidləşdirici çevrilmə reaksiyaları üçün məqsədyönlü selektiv və aktiv polifunksional seolit katalizatorları sintezinin elmi əsasları işlənib hazırlanıb, nəticədə bir sıra karbonilli birləşmələrin, karbon turşularının, tsiklik dien karbohidrogenlərinin və ikipilləli reaktorda oksigeni pillələrarası paylamaq üsulu ilə metandan asetilenin və butandiol-l,4-ün alınması üçün yüksək effektiv katalizatorlar sintez edilib.

A.Əliyev 663-dən çox elmi əsərin, 65 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi altında 5 elmlər doktoru və 46 fəlsəfə doktoru yetişdirilib. O, çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə ölkəmizi layiqincə təmsil edib.

A.Əliyevin rəhbərliyi ilə 7 qrant layihəsi (NATO, Ukrayna ETM, Səudiyyə Ərəbistanı Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Elmin İnkişafı Fondu, SOCAR) üzrə elmi tədqiqat işləri müvəffəqiyyətlə yerinə yetirilib. Alim Azərbaycan Ali Sovetinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub.

Görkəmli akademiki 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.