www.science.az
22.10.2020 13:10

Şanlı ordumuza maddi, mənəvi, intellektual və informasiya dəstəyi hazırda Akademiyanın ən ümdə vəzifəsidir

Artıq bir aya yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işgal olunmuş ərazilərdə əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmiş, düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi işğaldan azad edilmişdir. Şanlı Azərbaycan ordusunun böyük  şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş ərazilərimizdə - Füzulidə, Cəbrayılda, Zəngilanda, Hadrutda,  Suqovuşanda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin kürpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər ərazilərin də düşmən tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları davam etdirilir.

Heç şübhəsiz, bu qələbələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu dövlət siyasəti, müasir tələblərə uyğun ordu quruculugu və düzgün diplomatik səyləri nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ali Baş Komandan kimi döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, olduqca mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan müasir şəraitdə dərin intellekti, peşəkarlığı, əzmi və iradəsi ilə diplomatik cəbhədə də yorulmadan çalışır, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edir.

Hazırda yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan xalqı cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşmişdir.

Döyüş əməliyyatlarının başladığı ilk anlardan respublika elmi potensialının əsas mərkəzi olan və ölkə ziyalılarının böyük bir hissəsinin təmsil olunduğu Azərbaycan Milli Elmlər Akademiyası da bu proseslərdə fəal iştirak edir.  Müharibənin ilk günü, sentyabr ayının 27-də AMEA-nın Rəyasət Heyəti Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşünə dəstək bəyanatıyla çıxış etmişdir.

AMEA-nın çoxsaylı kollektivinin ordumuza maddi və mənəvi, intellektual və informasiya dəstəyini daha mütəşəkkil  həyata keçirmək  məqsədilə döyüş əməliyyatlarının başladığı ilk günlərdə Akademiyada Operativ Qərargah təşkil edilmişdir.

Hazırda AMEA-nın xüsusi hərbi bilik və bacarığa malik 19 əməkdaşı könüllü olaraq hərbi xidmətə getmiş və onlar  xüsusi peşəkarlığı ilə qələbənin əldə edilməsinə öz töhfələrini verirlər. AMEA-nın Yüksək Texnologiyalar Parkının bir əməkdaşının övladı Vətən uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək şəhid olmuşdur.

AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən  Silahlı Qüvvələrə Yardım Fonduna indiyədək 350 000 (üç yüz əlli min) manata yaxın vəsait ianə edilmişdir. Hazırda Akademiyada orduya maddi dəstək  aksiyası böyük ruh yüksəkliyi ilə davam edir.

Bundan əlavə, elmi profilinə uyğun istehsal prosesi ilə məşğul olan AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən cəbhə bölgəsinə  35 000 (otuz beş min) manat  məbləğində müxtəlif təyinatlı məhsullar göndərilmişdir. Buna misal olaraq, AMEA-nın Yüksək Texnologiyalar Parkı və Neft-Kimya Prosesləri İnstitutu tərəfindən yanıqların müalicəsində uğurla istifadə olunan “Naftaterm-Ç” vasitəsini, dezinfeksiyaedici etil spirti və yod məhlullarını, ətirli maye sabunları, qabyuyan vasitələri, müxtəlif geyimləri, digər tibbi ləvazimat və ortepedik vasitələri nümunə göstərmək olar.

Ötən müddət ərzində AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları qanvermə aksiyalarında da yaxından iştirak etmişlər.  

Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə Akademiya əməkdaşları kütləvi informasiya vasitələrində də aktiv çıxışlar edirlər. Qarabağ həqiqətləri, erməni irqçi ideologiyasının elmi əsaslarla ifşa edilməsi, dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsi və s. istiqamətlərdə  Akademiya əməkdaşları məqsədyönlü fəaliyyət göstərirlər.

Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə alimlər tərəfindən xüsusi məktublar da ünvanlanmışdır.

Yuxarıda qeyd olunan bütün istiqamətlər üzrə Akademiyada orduya dəstək aksiyası davam etməkdədir. Hazırda şanlı ordumuza maddi, mənəvi, intellektual və informasiya dəstəyi Akademiyanın ən ümdə vəzifəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasından Silahlı Qüvvələrə Yardım Fonduna köçürülmüş ianələr haqqında  M Ə L U M A T

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.