www.science.az
23.10.2020 14:23

Məktəblilərə Milli Ordumuzun parlaq qələbəsindən danışılıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb.

O, məktəblilərə Azərbaycanın dövlətçilik tarixi və bu tarixdə Naxçıvanın yeri barədə məlumat verib. Bildirib ki, qədim Azərbaycan torpağı həmişə böyük dövlətlərin diqqət mərkəzində olub, tarix boyu dəfələrlə yağı işğallarına məruz qalıb. Hadisələrin törədilməsinin kökündə də azərbaycanlıları əzəli və əbədi torpaqlarından təmizləmək və bu ərazilərdə erməni dövləti yaratmaq olub.

Alim tarixi torpaqlarımız hesabına yaradılan Ermənistan dövləti zamanla ölkəmizdə gizli və ya aşkar şəkildə kütləvi qırğınlar həyata keçirdiyini, Azərbaycanın bir sıra bölgələri ilə yanaşı Naxçıvanda da qətllər törətdiyini, lakin uzun müddət torpaqları işğal etməyə cəhd göstərən erməni daşnaklarının bu xülyalarını rеаllаşdırа bilməyərək, məğlub olub geri çəkildiklərini deyib.

İşğal olunan ərazilərimizin mənəvi dəyərindən bəhs olunaraq vurğulanıb ki, əzəli və əbədi Azərbaycan torpağı Dağlıq Qarabağ, daha sonra onun ətrafındakı digər rayonlar mənfur düşmənlərimiz tərəfindən talan edilib. Qeyd olunub ki, tarixinin acı səhifələrini, rayonlarımızın işğal olunduğu tarixi təqvimdə azad olunma tarixi ilə dəyişdirmək üçün bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəbhədə tarix yazır. Müqəddəs vətənimizin ərazi bütövlüyü uğrunda Milli Ordunun parlaq qələbəsi sayəsində erməni silahlı quldur dəstələri öz layiqli cavablarını alırlar.

N.Əliyeva məktəblilərə daim keçmiş tariximizi dərindən öyrənməyə, araşdırmağa, bilikli olmağa səsləyərək qeyd edib ki, tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq güclüdür və yenilməzdir.

Sonda şagirləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.