www.science.az
23.10.2020 15:04

Azərbaycan Ordusunun qələbə salnaməsi

Azərbaycan Ordusunun qələbə salnaməsi və qələbə marşı yazılmaqda davam edir. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər, verdiyi qələbə xəbərləri Azərbaycan Ordusunun zəfər marşında olduğunu xalqa çatdırdı.

Azərbaycan Ordusu bu gün öz dövlətinin yeni tarixini yazır. Azərbaycan xalqı ən şərəfli anları yaşayır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Rəşadətli Azərbaycan Ordusu bütün torpaqları öz sahibinnə qaytarır. Bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır. Qarabağ Azərbaycanımızdır! Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Qarabağ yenidən həyata qayıdacaq.

Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində özünü qabarıq göstərməkdədir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmlidir.

Bu gün Azərbaycanın şanlı ordusu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Vahid bayraq altnda birləşən şanlı Azərbaycan Ordusununun əldə etdiyi bugünkü uğurunun səbəbi bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Qalibiyyətimiz Ali Baş Komandanımızın diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə də tezliklə işğal altında olan bütün torpaqlar şanlı ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi, birliyi, bərabərliyi qarşısında duruş gətirə bilməz. Cənab Prezident müraciətində bildirib ki, xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır. Azərbaycan Ordusu öz xilaskar missiyasını yerinə yetirir. Qarabağa sülh həyatı qaytarılacaq. Dövlətimizin başçısı problemin sülh yolu ilə həllinə çalışaraq dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, işğal olunmuş ərazilər nəyin bahasına olursa-olsun, azad ediləcək.

Azərbaycan rəhbərliyi dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaq. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaq. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcək. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə erməni cəhdlərinə son qoyulacaq. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək.

Ordumuzun əzmi, qüdrəti nəticəsində hər gün tariximizin şanlı səhifələrinin yazıldığı günlərdir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır. İllərdir torpaqlarımızın itkisini, acısını Azərbaycan Ordusunun zəfər yürüşünün gətirdiyi qürur, qələbəyə inam, əzm hissi üstələyib. Ölkəmiz üçün bu taleyüklü məsələni bu gün Azərbaycan Ordusunun şəxsi heyəti də dərindən dərk edir.

Əlində silah, yurdumuzun keşiyində dayanan hərbçilərimiz şəxsən Ali Baş Komandanın və xalqımızın etimadını doğrultmaqla əlindən gələni edir, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını layiqncə yerinə yetirirlər.

Xalqımız mütləq zəfər çalacaq. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

Möhtərəm cənab Prezident İlham Əliyev! Azərbaycan xalqına bəxş etdiyiniz şərəf və qürur hislərinin yaşanmasında sizin əvəzedilməz zəhmətinizin olduğunu dərk edirik. Azərbaycan xalqı sizinlə qürur duyur! Siz ordumuzun önündə dayanan qətiyyətli, qorxmaz, vüqarlı sərkərdəsiniz!

Şuşamızda, Xankəndində bayrağımızı ucaldacağımız günü səbrsizliklə gözləyirik.

Tünzalə ARAZLI, AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.