www.science.az
17.12.2014 00:00

AMEA Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas alimVəli Xuluflunun 120 illiyi qeyd edilib

Dekabrın 15-də AMEA Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas, türkoloq və ictimai xadim Vəli Xuluflunun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) institutun Klassik folklor şöbəsi tərəfindən V.Xuluflu irsinin yenidən araşdırıldığını, təbliğ olunduğunu bildirib. O, tədbirin materialları da daxil olmaqla alimin həyat və yaradıcılığına həsr olunmuş kitabın nəşr olunacağını nəzərə çatdırıb: “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından V.Xuluflunun iki əsəri (“El aşıqları” və “Tapmacalar”) çap edilmişdir”.

M.Kazımoğlu qeyd edib ki, Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan görkəmli alim və publisist, dilçi və folklorşünas, repressiya qurbanı Vəli Xuluflu tarix, dilçilik və ədəbiyyatşünaslıqla bağlı 10 kitabın müəllifidir.

Sonra “Sovet totalitarizmi və Vəli Xuluflu” mövzusunda məruzə ilə çıxış edən professor Cəlal Qasımov alimin Azərbaycan ictimai fikrinin formalaşmasında böyük rolu olduğunu qeyd edib.

Tədbirdə AMEA Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli “Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu”, fil.ü.f.d. Həmidə Əliyeva “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində Vəli Xuluflunun fəaliyyəti”, fil.ü.f.d. Məhəmməd Məmmədov “Koroğlu” dastanının nəşrində Vəli Xuluflu mərhələsi”, fil.ü.f.d. Sönməz Abbaslı “Vəli Xuluflunun “El aşıqları” toplusu” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda alimin ailəsi adından çıxış edən Türkiyənin Uludağ Universitetinin dosenti, bəstəkar, sənətşünas, sən.ü.f.d. Həsən Adıgözəlzadə tədbirin təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.