www.science.az
17.12.2014 00:00

AMEA-da akademik Məmməd Arif Dadaşzadənin 110 illiyi qeyd edildi

Bu gün AMEA-nın Əsas binasında görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş “Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik” mövzusunda elmi konfrans keçirildi.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ədəbiyyatşünas alimin xatirəsini dərin ehtiramla andılar, məzarı üzərinə tər gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ölkə Prezidenti İlham Əliyevin “Akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” 15 aprel 2014-cü il tarixli Sərəncamının elmin və milli ziyalılığın, ictimai fikrin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu bildirdi. Akademik İsa Həbibbəyli vurğuladı ki, Azərbaycan ədəbiyyatşünaslıq elmi haqqında dolğun elmi-siyasi təsəvvür yaradan dövlət sərəncamında akademik Məmməd Arif Dadaşzadənin çoxcəhətli xidmətləri ümumiləşmiş şəkildə səciyyələndirilib.

Bildirildi ki,yubiley münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan yeni araşdırmalar, çap olunan əsərlər alimin müdriklik və müasirlik nümunəsi olan həyatı və yaradıcılığının işığında ədəbiyyatın, elmin və yeni nəsillərin inkişafına öz töhfələrini verir.

Akademik İsa Həbibbəyli qeyd etdi ki, XX əsr Azərbaycan ədəbi tənqidinin nüfuzunu ucaldan, məsuliyyət meyarlarını müəyyən edən görkəmli alimin əsərlərinə, şəxsiyyətinə cəmiyyətdə xüsusi ehtiram göstərilmişdir: “Məmməd Arif Dadaşzadənin tənqidçilik meyarının da, hər şeydən əvvəl, nüfuz üzərində qurulması onun şəxsiyyəti ilə elmi fəaliyyətinin, əməli ilə nəzəri fikrinin bütövlüyünü nümayiş etdirir”.

Azərbaycan ədəbiyyatşünaslığında daim tədqiqat mövzusu olmuş yazıçı-tənqidçi münasibətlərinin də mükəmməl elmi konsepsiyasının alimə məxsus olduğunu vurğulayan akademik İsa Həbibbəyli ədəbi tənqidin bu vacib problemi haqqında müxtəlif dəyərləndirmələrin mövcud olmasına baxmayaraq, tənqidçiyə, yaxud da yazıçıya ağırlıq vermək mənasında ortaq meyarın müəyyən edilməsi baxımından Məmməd Arif Dadaşzadənin ölçülərinin elmi prinsip kimi qəbul edilməyə layiq olduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli diqqətə çatdırdı ki, bədii tərcümə ilə məşğul olduğu zaman Məmməd Arif özü də tərcümə işinə milli maraqlar baxımından yanaşmağı əsas götürmüşdür: “O, rus və dünya ədəbiyyatı klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edərkən böyük idealların, zəruri ictimai-tarixi proseslərin, maarifçi ideyaların xalqa çatdırılmasına diqqət yetirmişdir. Rus və dünya ədəbiyyatının nəhənglərindən olan Lev Tolstoyun “Hərb və sülh” epopeyasının iki cildinin Azərbaycan dilində nəşri onun tərcüməçilik fəaliyyətinin zirvəsində dayanır. Görkəmli alimin əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin yeni mərhələsinin, müasir ictimai fikrimizin də inkişaf yoluna işıq salır.”

Tədbirdə çıxış edən akademiklər Vasim Məmmədəliyev, Tofiq Hacıyev, filologiya üzrə elmlər doktoru Şirindil Alışanlı və başqaları Məmməd Arif Dadaşzadə ilə bağlı xatirələrini bölüşdülər, alimin həyat və yaradıcılığının müxtəlif istiqamətlərinə nəzər saldılar.

Sonra Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Akademik Məmməd Arif və Azərbaycan ədəbi tənqidi”, institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Məmməd Arif Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın “Məmməd Arif Dadaşzadə və dünya ədəbiyyatı” mövzusunda məruzələri dinlənildi.

Sonda professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək tədbirin təşkilinə görə ailə üzvləri adından ölkə Prezidentinə və akademiya rəhbərliyinə minnətdarlıqlarınıı bildirdilər.

Tədbir çərçivəsində, həmçinin alimin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.