www.science.az
18.12.2014 00:00

Bakı Dövlət Universitetinin 95 illik yubileyi təntənəli şəkildə qeyd edildi

Bu gün Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının yaranmasının 95 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər iştirak edirdilər.

Öncə universitetin təsis olunmasını əks etdirən rəsm tablosu və BDU-nun 95 illiyi ilə bağlı sərgi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirdi. A.Məhərrəmov dahi şəxsiyyət Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu sonsuz qürur hissi ilə xatırlatdı.

“95 illik şərəfli yol” mövzusunda məruzə ilə çıxış edən akademik Abel Məhərrəmov Azərbaycan xalqının ictimai-siyasi, mədəni-mənəvi inkişafında müstəsna rola malik, şərəfli inkişaf yolu keçmiş universitetin tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verdi, təhsil müəssisəsində qazanılan nailiyyətləri diqqətə çatdırdı. Universitetin Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olduğunu söyləyən akademik qeyd etdi ki, bu təhsil ocağında Azərbaycanın yüzlərlə tanınmış alimi, ziyalısı, görkəmli diplomatları təhsil alıblar: “Universitetin 95 illik fəaliyyəti dövründə hazırladığı yüksək ixtisaslı mütəxəssislər Azərbaycan elmini, mədəniyyətini, təhsilini ölkəmizdən kənarda layiqincə təmsil etmişlər”.

Tədbirdə çıxış edən AR Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qocaman jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunduğunu bildirdi. O, ali dövlət mükafatını yubilyara təqdim etdi.

M.Cabbarov zəngin tarixi ənənələrə malik BDU-nun yaranma tarixindən, onun 95 illik elmi fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışdı. Qeyd etdi ki, bu gün BDU-nun məzunları Azərbaycan elminin inkişafına və çiçəklənməsinə dəyərli töhfələrini verirlər.

Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından olan universitetdə milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin qorunması, inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırdı. Şərqin ilk mütərəqqi təhsil ocaqlarından biri olan universitetin yaranmasının Azərbaycan tarixinin əlamətdar hadisələrindən biri olduğunu söyləyən akademik Akif Əlizadə bu təhsil ocağının ölkəmizdə elmi məktəblərin yaranmasında müstəsna rolu olduğunu qeyd etdi.

Bildirdi ki, 95 il ərzində zəngin inkişaf yolu keçmiş universitetin Azərbaycanda milli təhsil sisteminin qurulması, ictimai şüurun formalaşdırılmasında mühüm rolu olmuşdur. Onun məzunları arasında dünya şöhrətli alimlər, ictimai-siyasi xadimlər vardır.

Elm və təhsilin vahid bir sistemin tərkib hissəsi olduğunu söyləyən AMEA prezidenti qeyd etdi ki, informasiya cəmiyyətində mükəmməl bir sistemin tərkib hissələri kimi elmin, təhsilin və istehsalatın inteqrasiyası inkişafın mühüm formullarından biri hesab olunur.

A.Əlizadə AMEA ilə BDU arasında əməkdaşlıq əlaqələrindən söz açaraq, akademiyanın bir sıra elmi müəssisələrində baza kafedralarının yaradıldığını, universitetin müxtəlif fakültə və kafedraları ilə AMEA-nın elmi müəssisə və laboratoriyaları arasında əməkdaşlığa dair razılığın əldə olunduğunu bildirdi.

Dekabrın 19-da AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan alimlərinin I Qurultayı haqqında məlumat verən akademik Akif Əlizadə bildirdi ki, qurultayda müzakirə olunacaq mövzulardan biri də elm və təhsil əlaqələrinin sistemli və koordinasiyalı qurulmasının təşkili məsələsidir.

Tədbirdə çıxış edən akademiklər Əhliman Əmiraslanov, Xoşbəxt Yusifzadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz və başqaları BDU-nun 95 illik yubileyi münasibətilə universitetin kollektivini təbrik etdilər, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbir çərçivəsində, həmçinin“Universitetin yaranması” adlı qısa qrafik film də nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.