www.science.az
18.11.2020 15:12

İranın ölkəmizdəki Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda olub

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yeni sədri Əli Purmərcan noyabrın 18-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunu ziyarət edib, müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycan və İran arasında elmi, mədəni əlaqələrdən danışaraq, bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan iranşünas alimlərin mühüm rolunun olduğunu bildirib. Akademik Şərqşünaslıq İnstitutunda İran tarixi, iqtisadiyyatı, fars dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb.

Müəssisədə iranşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirən Ə.Purmərcan iki ölkə alimlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə konfransların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.