www.science.az
20.11.2020 13:55

28 illik dinməyən göz yaşları

Həmişə haqqı danışmaq, haqqı savunmaq lazımdır ki, söylədiklərini inkar etmək məcburiyyətində qalmayasan, nəticə etibarilə yalançı adlanırsan

“Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır... Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir..”...

Haqsızlıq və hətta vəhşilik qurbanı Xocalı sakinləri

Xocalı... Ağrılı-acılı, dərdli Xocalı... Minillər keçsə də unudulmayacaq acı bir qan yaddaşı. O faciənin canlı şahidi olmasam da,  Xocalı sakinlərinin şaxtalı meşələrdə çəkdikləri acı qədər olmasa da, hər il fevralın 26-da qətliam qurbanı olanların acısını duyanların hər biri kimi mən də yanmışam bu dərdə. Xocalı ilə bağlı mövzunu tədqiqat məqsədilə seçənədək düşünmürdüm bunu yazmağın bu qədər çətin olacağını. Qələmə almaq bu qədər çətindirsə, onu yaşamaq gör nə qədər dəhşətlidir. Ekranlardan izləməyə, Xocalı adlı dərddən yaranan sətirləri oxumağa dözməmişkən onlar bununla üz-üzə dayandılar. Cəmiyyətdə ən xırda haqsızlığa qarşı etiraz edib mübarizə apardığımız halda, Xatın, Xirosima, Sonqmi, Naqasaki kimi faciələrlə eyni sırada dayanan bir vəhşətin günahsız qurbanlarını təsəvvür etmək ağırdı, olduqca ağır.. Dağılan tifaqlar, yarımçıq qalan nigahlar, ömür boyunca yaddaşlardan silinməyəcək acı xatirələr, kökü kəsilənədək qırılan nəsil, övladların gözü önündə yandırılan atalar və ataların gözü önündə odlanan balalar, körpə, yazıq, günahsız, məzlum balalar... Bəs anasız qalan körpələr necə olsun...

Nə idi bu ilahi

Bu boyda dərdmi olar?

Nə qədər qəddar imiş

Erməni faşistləri.

Qaytarın anamı mənə

Qaytarın gülüşümü,

Təbəssüm verin mənə

Uşaqlığımı qaytarın

***

Buna çaylar şahiddi

Tüstüsü göyə qalxan meşələr buna şahiddi

Həmin gün qan ağlayan təbiətin özü də,

Ananın fəryadına, atanın məhşərinə göyün üzü şahiddi.

Bəli, bu faciəni ancaq dini, imanı, Allah qorxusu olmayan erməni milləti törədə bilərdi... Bu gün öz qurduğu evi belə yandırmağı bacaran, insanların Allahla üz-üzə qalıb hüzur tapdığı, ibadət deyilən o müqəddəs məkanları, məscid və kilsələri məhv edən, öz əsgərinə, millətinə qarşı davranışını bilməyən, öz maraqları meydana gələndə gözü heç nəyi görməyən ermənilər...

Xocalı harayı, üzünü cıran o ananın fəryadı, erməni cəlladlarının ad günü hədiyyəsi olsun deyib Əhmədin əlinə neçə yerdən güllə atması, Həcərin atasız qalması, Əhmədin başının kəsilib top kimi erməni əsgərlərinin ayaqları altında yuvarlanması, üç övladından birinin meyidini meşədə qoymağa məcbur olub, ikisini özüylə salamat gətirib çıxaran Məlahət ana, yaralı erməni əsgərini daşımaqdan imtina etdiyinə görə qızı Xəzəngülün gözü qarşısında üzərinə benzin tökülüb yandırılan Təfəkkür, əsirlikdə ölənəcən döyülən Mehman və Rəhim və daha minlərlə bədbəxt olmuş Qarabağ qurbanları... Ancaq ermənilərin apardığı savaş bu qədər şərəfsiz ola bilərdi.

Bir an olsun belə buna susmamalı, sonunadək günahsız insanların intiqamının alınması üçün, qatilin cəzasını çəkməsi üçün əlimizdən gələni etməliyik. Ədalət və haqsızlıq anlayışı vahiddir. Hər zaman bir doğru, bir həqiqət vardır... Xocalı tək azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir.

Xocalıda baş verənlərə etirazını bildirən erməni fəalları, o cümlədən ictimai xadim və məşhur erməni yazıçısı Anna Payatyan öz feysbuk səhifəsində Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryanı günahlandıraraq onları uşaq və qadın qatilləri adlandırmışdı: “Xocalıda soyqırım olub!!! Və bunun üçün quldurlar cavab verməlidir – Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan, Serj Sarkisyan, Arabo qrupu… Onların hamısı uşaqların və qadınların qatilləridir!”.

Erməni vəhşiliklərinə etiraz edən Mesrop Martirosyan ABŞ-da siyasi sığınacaq alaraq hərbi xidmətdən imtina etmişdi. Amerikadakı məhkəmə zamanı şahidi olduğu vəhşiliklərdən danışmışdı: “Düşərgələrdə əldən düşmüş, şil-küt edilmiş, bədəni kəsik-kəsik olan hərbi əsirlər görmüşəm. Uşaqların kəsilmiş qulaqlarla oynadığını görmüşəm”.

O faciədən sağ çıxan hər bir insan Xocalıda şahidi olduqlarını əsla unutmayacaq, nəfəs alıb verdikcə, həmin anları yenidən yaşayacaq. Amma bu gün acılı göz yaşı sevinc göz yaşı ilə əvəzləndi. Çünki qucaqda göndərdiyiniz körpələr əli silahlı, tank belində geri qayıtdılar. Qisasımızı aldılar! Şanlı Azərbaycan ordusu, vətənpərvər, gözü qisas eşqi ilə parlayan əsgərlərimiz, igid oğullarımız millətimizə, hərbi əsirlərimizə işgəncələr verilməsi, mülki şəxslərin girov götürülməsi və işgəncələrə məruz qoyularaq öldürülməsi kimi cinayətlərin törədilməsində iştirak etmiş bir çox erməni vandallarını Böyük Vətən müharibəsində məhv etdi.

İntiqamın alınıb, ruhun şad olsun şəhidim, məzarında hüzurla yat!

Gülnar HACIYEVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdir müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.