www.science.az
20.11.2020 14:49

Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı haqqında elmi məqalə yüksək indeksli jurnalda dərc olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı və tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “Hüseyn Cavidin “Topal Teymur” dramı ədəbiyyatşünaslıq və kitabşünaslıq obyekti kimi” (Драма “Хромой Тимур” Гусейна Джавида как объект литературно-книговедческого анализа) adlı məqaləsi Rusiyada nəşr olunan və Web of Science bazası üzrə "Russian Science Citation Index (RSCI)" məlumat bazasına daxil edilmiş “Современные гуманитарные исследования” (Müasir humanitar araşdırmalar) jurnalında işıq üzü görüb.

Dram əsərinin yazılmasının 95 illik yubileyi münasibətilə hazırlanmış məqalədə “Topal Teymur” əsərinin müxtəlif nəşrlərinin kitabşünaslıq aspektindən təhlilinə yer verilir, pyesin tarixi əhəmiyyətinə, ədəbi-bədii və ideya-fəlsəfi qayəsinə, tərbiyəvi mahiyyətinə elmi nəzər salınır. Məqalədə qeyd olunur ki, Hüseyn Cavidin “Topal Teymur” tarixi dramındakı əsas qayə müsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.