www.science.az
20.11.2020 21:29

AMEA alimlərinin hazırladığı su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Tofiq Nağıyev, Dilqəm Tağıyevİradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü, akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademik Kamal Abdullayevə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

Akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov yığıncağın gündəliyinə çıxarılan ilk məsələnin AMEA-nın Yer, Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı”nın layihəsi haqqında olduğunu bildirib.

Mövzu ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, həmçinin su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli Sərəncam imzalandığını xatırladıb. Qeyd edib ki, Sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib, Tədbirlər planının icrası ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Akademik Ramiz Mehdiyev sözügedən Sərəncamdan irəli gələrək bu ilin avqust ayında AMEA Rəyasət Heyətinin iclasında ölkədə su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması sahəsində geniş elmi tədqiqatların aparılmasına dair müzakirələrin keçirildiyini və akademiyada tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradıldığını söyləyib. Diqqətə çatdırıb ki, prioritet istiqamətlərlə bağlı hazırlanmış təkliflər elmi bölmələrdə müzakirə edilərək müəyyənləşdirilib və yekunda “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

Sonra sözügedən Dövlət Proqramı təqdim edilib. Bildirilib ki, Dövlət Proqramının layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılıb.

Respublikamızın su ehtiyatlarının təxminən 80%-nin kənd təsərrüfatı sektorunda istifadə edildiyi, lakin suvarma kanallarında və eləcə də suvarma sahələrində infiltrasiya nəticəsində sugötürücüdən götürülən suyun həcminin orta hesabla 50%-ə yaxınının itirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında əhalinin artımı və iqtisadiyyatın davamlı inkişafı, su ehtiyatlarından istifadəni intensivləşdirərək onların daha səmərəli və inteqrasiyalı idarə olunmasını zəruri edir.

AMEA-nın Yer və Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış Dövlət Proqramının həyata keçirilməsinin respublikamızda ilk dəfə olaraq su mənbələrinin hər bir qrupuna aid olan su obyektlərinin əsas kəmiyyət, keyfiyyət göstəriciləri və ekoloji şəraitinin qiymətləndirilərək müxtəlif mənşəli su ehtiyatları haqqında müasir tələblərə cavab verən kompleks məlumat bazasının yaranmasına imkan verəcəyi qeyd edilib. Bundan əlavə, su anbarlarının yaradılması və istismarının bütün mümkün nəticələrinin öyrənilməsinin, əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi baxımından vacib problemlərdən olduğu bildirilib.

Sonra Rəyasət Heyətinin qərarı ilə Dövlət Proqramının layihəsi qəbul edilib və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılması qərara alınıb.

Tədbirin gündəliyinə çıxarılan növbəti məsələlər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub. Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.

İclasda, həmçinin akademik Ağadadaş Əliyevin 80 illik yubileyi, eləcə də AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, eləcə də Polimer Materialları institutlarının strukturunda qismən dəyişiklik edilməsi haqqında müvafiq qərarlar qəbul olunub.

İclasda müzakirə edilən məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, professor Elton Məmmədov, hüquq elmləri doktoru Habil Qurbanov, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev və digərləri müvafiq təkliflərlə çıxış ediblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan elminin prioritet inkişaf istiqamətləri üzrə tədqiqatlar daha da genişləndirilməli və bu yöndə Rəyasət Heyəti tərəfindən alimlərə zəruri dəstək verilməlidir. Elmin bəşəriyyətin gələcəyini müəyyənləşdirən başlıca faktorlardan olduğunu vurğulayan Akademiya rəhbəri AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini dövrün tələblərinə uyğun, müasir texnologiyalardan istifadə etməklə qurmasının əhəmiyyətini bildirərək müvafiq tapşırıqlarını çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.