www.science.az
31.12.2020 11:46

Neft və Qaz İnstitutu hesabat verib

AMEA-nın Neft və Qaz İnstitutunun (NQİ) Elmi şurasının Yer Elmləri Bölməsi ilə birgə 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan onlayn illik hesabat iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İbrahim Quliyev tədbir iştirakçılarını salamlayaraq sözü məruzə ilə çıxış etmək üçün NQİ-nin direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanova verib.

Hesabatı təqdim edən V.Qurbanov cari ildə müəssisədə 3 problemin həlli üçün 7 mövzu üzrə 8 elmi tədqiqat işinin aparıldığını diqqətə çatdırıb. Yerinə yetirilən tədqiqat işləri çərçivəsində 3 mühüm nəticənin alındığını deyən alim bu barədə nüfuzlu elmi jurnallarda məqalələrin dərc olunduğunu söyləyib. V.Qurbanov AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşən elmi tədqiqat proqramlarının yerinə yetirilməsi haqqında da məlumat verib və alınmış nəticələrdən danışıb. Bundan əlavə, institutda SOCAR-ın sifarişi ilə yerinə yetirilən təsərrüfat müqaviləsinə əsasən 1 iş çərçivəsində alınmış nəticələr və təkliflərdən söz açıb.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, SOCAR, Rusiyanın Fundamental Tədqiqatlar Fondu, İtaliya Milli Tədqiqat Şurası (CNR) tərəfindən dəstək almış bir sıra qrant layihələrinin icra vəziyyətindən danışılıb və 2 layihənin beynəlxalq statusa malik olduğu qeyd  edilib.

NQİ-nin beynəlxalq əlaqələrinə də toxunan məruzəçi 2 yeni əməkdaşlıq sənədinin imzalandığını, xarici elmi müəssisələrlə münasibətlərin daha da genişləndiyini vurğulayıb.

Professor hesabat ilində institutun əməkdaşları tərəfindən 38 məqalə və 16 tezisin, o cümlədən 29 məqalə və 7 tezisin xaricdə nəşr edildiyini bildirib. Bu məqalələrdən 22-sinin “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda işıq üzü gördüyünü söyləyən məruzəçi hesabat dövründə müəssisənin alimlərinin elmi əsərlərinə istinadların 456 olduğunu deyib.

Daha sonra institutun strukturu, cari ildə sosial sferada fəaliyyəti, maddi-texniki təchizatı, elmi kadrların hazırlanması, təltif və mükafatlar haqqında məlumat verilib.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. İclas iştirakçıları il ərzində müəssisədə aparılan elmi tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək, hesabatın qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.