www.science.az
05.01.2021 16:13

Azərbaycanlı tədqiqatçı xərçəng xəstəliklərinin tədqiqində uğurlu nəticələrinə görə mükafata layiq görülüb

Almaniyanın Heydelberq Universiteti Xəstəxanasının Tətbiqi biologiya kafedrasında elmi tədqiqatlar aparan azərbaycanlı tədqiqatçı Aysel Əhədova xərçəng xəstəliklərinin tədqiqi sahəsində uğurlu nəticələrinə görə 2020-ci il üzrə Anita və Fridrix Roytner mükafatına layiq görülüb.

10 min avro təşkil edən mükafat Almaniyanın Heydelberq Universitetinin fəxri senatoru, professor Fridrix Roytner və həyat yoldaşı Anita Roytner tərəfindən təsis olunub. Mükafat universitetin Tibb fakültəsinin gənc alimlərinə klinik cəhətdən əhəmiyyətli tədqiqat layihələrinə görə təqdim olunur.

Xatırladaq ki, Aysel Əhədova 2011-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2015-ci illərdə Heydelberq Universitetinin Tibb fakültəsində doktorantura (PhD) təhsili alıb, professor Knebel Deberitsin rəhbərliyi ilə doktorluq dissertasiyası üzərində işləyib. Aysel Əhədova fəlsəfə doktoru kimi mikrosputnik qeyri-sabit xərçəngin öyrənilməsi üzrə bir neçə layihədə iştirak edib və xərçəng hüceyrələrində qlükoza metabolizminə yönəlmiş yeni dərmanların, dərman kombinasiyalarının identifikasiyası üzrə tədqiqatlar aparıb.

AzərTac