www.science.az
06.01.2021 13:58

Alimlər ürək tutması zamanı ölüm riskini azaldan cihaz hazırlayıblar

Ürək tutması dünya miqyasında ölümün əsas səbəblərindən biridir və bu səbəbdən ildə 7-9 milyon insan ölür. Standart tibbi müdaxilə ilə hər 10 nəfərdən yalnız 1-i ürək tutmasından sağalmağı bacarır.

Danimarkanın paytaxtı Kopenhagendə hazırlanan "Neurescue" adlı yeni cihaz vasitəsilə sağ qalmanın nisbətinin hər 10 nəfərdən 9-a yüksəldilməsi hədəflənir.

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən araşdırılan cihaz həyati təhlükə olan hallarda beyin və ürəyə qan axınını artırmaq üçün hazırlanıb.

Cihaz bir həkimin qan itkisinə nəzarət etməsi üçün vaxtı iki qat artıra, stent və ya kardiostimulyator kimi həyat qurtaran əlavə prosedurlar üçün fürsət yarada bilir.

"Neurescue" ayaqlardakı femoral arteriyaya yerləşdirilərək bir dəqiqə ərzində bədənin aşağı hissəsindəki qan axınının qarşısını alır və həyati orqanlara yönəldir.

Layihə rəhbəri Həbib Frost "Neurescue" ilə zaman qazanmaq, bununla da xəstələri ürək fəaliyyətini dəstəkləyən avadanlıqlara çatdırmaq, həmçinin stent və kardiostimulyator quraşdırmaq imkanı qazanmaq niyyətində olduqlarını söyləyib.

TED.az