www.science.az
07.01.2021 14:15

GGİ-də Qarabağla bağlı 3 elmi-tədqiqat işinin proqramı təsdiq edilib

Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının Yer Elmləri Bölməsi ilə birgə 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn illik hesabat iclası keçirilib.

İclası giriş sözü ilə açan bölmənin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov tədbir iştirakçılarını salamlayaraq, sözü GGİ-nin  direktoru, akademik Akif Əlizadəyə verib.

Akademik Akif Əlizadə 2020-ci ilin ölkəmizin həyatında əlamətdar və mühüm hadisələrlə yadda qaldığını qeyd edib. Elmi müəssisənin direktoru diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin hərtərəfli səriştəsi, xalq-dövlət birliyi, müzəffər ordumuzun şücaəti sayəsində Dağlıq Qarabağ problemi ölkəmizin xeyrinə birdəfəlik həll edilib. Erməni işğalından azad edilmiş torpaqlara GGİ-nin də elmi proqramları mövcuddur ki, qarşıda onları səylə yerinə yetirmək kimi şərəfli missiya durur.

Hesabat ilində aparılmış elmi-tədqiqat işləri çərçivəsində əldə olunmuş 5 mühüm elmi nəticə haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü, GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətin hesabatını təqdim edib. Məruzəçi bildirib ki, institutda elmi-tematik planüzrətədqiqatlar 10 mövzunu və 10 elmi-tədqiqat işini əhatə etməklə, 3 problem üzrə aparılıb, 2 elmi-tədqiqat işi başa çatdırılıb. “Geoloji mühitin müasir geodinamikanı nəzərə alan Berç diaqramları” (akademik H.Quliyev) elmi-tədqiqat işi çərçivəsində qeyri-xətti geomexanikaya əsaslanaraq “Yerin ilkin etalon modeli”nin düzgün olmaması nəzəri tədqiqatlarla sübut edilib, seysmoloji və materiallar fizikası məlumatları əsasında geomexanikanın yeni yanaşması baxımından tədqiq edilməsi göstərilib. “Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” (g.-m.e.d. A.Ş.Muxtarov) elmi-tədqiqat işi başa çatıb. Atlasda Azərbaycan ərazisində, Xəzər dənizi akvatoriyasının Azərbaycan sektorunda aparılmış geotermal tədqiqatların nəticələri əksini tapıb. Hazırda quruda və dəniz akvatoriyasında yerləşən neftli-qazlı rayonlarda 130-dan çox lokal struktur geotermik tədqiqatlarla əhatə olunub.

İşğaldan azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, təbii ehtiyatlarını qiymətləndirmək, müasir texnologiyadan istifadə etmək məqsədilə hesabat ilində 3 elmi-tədqiqat işinin proqramı təsdiq edilib. İnstitutun əməkdaşları həmçinin “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarının səmərəli idarə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı"nın layihəsini hazırlayıblar.

Dadaş Hüseynov  “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” çərçivəsində İnstitutun əməkdaşları tərəfindən elmi-tədqiqat işləri, eləcə də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası üzrə Tədbirlər Planı", “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində işlər haqqında geniş məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarları ilə keçirilmiş müsabiqədə dəstək alan 3 elmi-tədqiqat proqramı üzrə yerinə yetirilən fundamental elmi-tədqiqat işləri haqqında məlumat da maraqla dinlənilib.

Hesabat məruzəsində qeyd edilib ki, Geologiya və Geofizika İnstitutu (AMEA müxbir üzvü T.Kəngərli) ilə yanaşı, Coğrafiya, Botanika, Zoologiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin alim və mütəxəssislərinin cəlb olunduğu alimlər qrupu tərəfindən “Qarabağın təbii ehtiyatları atlası” hazırlanaraq çapa təqdim edilib. UNESCO-nun Dünya İrsi çərçivəsində Naxçıvan MR ərazisində “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı tədqiqat işləri Geologiya və Geofizika İnstitutunun təşəbbüsü (AMEA müxbir üzvü T.Kəngərli) və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin dəstəyi ilə (V.Talıbov) aparılıb.

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində aparılmış elmi tədqiqatlar, qrant layihələrinin icrası,elm və təhsilin inteqrasiyası, kadr hazırlığı, gənc alim və mütəxəssislər şurasının  fəaliyyəti, tədbirlərdə iştirak və elmi nailiyyətlərin təmsil olunması, beynəlxalq konfrans və seminarlar, sosial sferada fəaliyyət və digər fəaliyyət sahələri üzrə görülmüş işlər barədə müfəssəl danışılıb. İnstitutun əməkdaşlarının müxtəlif elmi jurnallarda 51 məqaləsinin, onlardan 30 məqalənin beynəlxalq bazalara daxil olan dövri elmi nəşrlərdə dərc olunması, 26 məqalənin isə "Web of Science" və "Scopus" bazalarına daxil olan jurnallarda nəşr olunması diqqətə çatdırılıb, hesabat dövründə elmi işçilərin əsərlərinə olan istinadların 1027 təşkil etdiyi qeyd edilib.

Məruzəçi sonra İnstitutun elmi tematikasının  prioritet istiqamətlərini nəzərə çatdırıb. Müəssisənin strukturunda yeni yaradılmış “Bərpa olunan enerji mənbələri” və “Mineral xammalın tətbiqi texnologiyası” müştərək fənlərarası elmi-tədqiqat laboratoriyaları çərçivəsində aparılacaq gələcək tədqiqatlardan danışılıb.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb, təkliflər dinlənilib. İclas iştirakçıları il ərzində müəssisədə aparılan elmi tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək, hesabatın qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.