www.science.az
08.01.2021 12:32

Milli sərvətimiz - Nizami Gəncəvi

Tarixçilərin dediyinə görə XII əsr Azərbaycan tarixinin qızıl dövrüdür. Əgər elədirsə bu qızıl tacın ən parlaq incisi Nizami Gəncəvidir. IX əsrə yaxın zaman keçməsinə baxmayaraq, bu incinin parlaqlığı zərrə qədər də azalmayıb, əksinə özündən sonra gələnlərin çoxunu kölgədə qoyub. Bunun səbəbini özü çox gözəl ifadə edib:

İnci tək sözlər seç, az danış, az din

Qoy az sözlərinlə dünya bəzənsin

Az sözün inci tək mənası solmaz

Çox sözün kərpic tək qiyməti olmaz.

Dünyanı sözləri ilə bəzəyən mütəfəkkirimiz Azərbaycan xalqının milli mənsubiyyətinin sanki vizit kartıdır. Dünya ədəbiyyatı tarixinə xalqının adını qızıl hərflərlə həkk etmiş şairimizin ədəbi irsi təkcə öz ölkəsində deyil, dünyada sevilir və öyrənilir. Nizamini ölməzliyə qovuşduran ən başlıca cəhət yazdığı hər bir misranın bütün dövrlər üçün aktual olmasıdır. Nə qədər bəşəriyyət, insanlıq var olacaq, Nizami də var olacaq və bütün zamanların şairi kimi seviləcək. Təsadüfi deyil ki, onun aforizmləri, hikmətli sözləri xalqın dilindən düşmür. Gənclərimiz hər zaman olduğu kimi bu gün də elmə, ədəbiyyata, sevgiyə, vətənə münasibəti onun əsərlərindən əxz edir.

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz

Hər uca zirvədən biliniz fəqət

Alimin rütbəsi ucadır əlbət.

Kim deyə bilər ki, bu hansısa zamanla uzlaşır? Bütün zamanlarla və beləliklə zamansızlaşır, deməli ölümsüzləşir. Elə bir elm sahəsi yoxdur ki, Nizaminin əsərlərində öz əksini tapmasın. Nizami həm də öz dövrünün böyük alimi idi:

Dünyada nə qədər kitab var belə

Çalışıb əlləşib gətirdim ələ

Oxudum, oxudum sonra da vardım

Hər gizli xəzinədən bir dürr çıxardım.

Hər xəzinədən bir dürr çıxarıb öz ölməz “Xəmsə”sini yaradan şair həm öz xalqına, həm də dünya ədəbiyyatına elə bir nemət bəxş etmiş ki, sorağı hələ uzun əsrlər boyu eşidiləcək və fəxarət gətirəcək.

Azərbaycan xalqı və dövləti öz dahi oğlunu həmişə layiqli şəkildə yad edib və edəcək də. Nizaminin 800, 840, 870 illik yubileyləri dünya miqyasında mütəşəkkil və təntənəli şəkildə qeyd edilib. 1991-ci il UNESKO tərəfindən “Nizami Gəncəvi ili” elan edilmişdir. 1981-ci ildə Nizami Gəncəvinin Bakıda keçirilmiş 840 illik yubileyində ulu öndər Heydər Əliyev öz xalqının oğluna layiqincə qiymət vermişdir: “Nizami təkcə böyük talanta malik şair deyildir, o həm də öz xalqının oğludur. Onun əsərlərində Azərbaycan xalqının ruhu, mənəvi dünyası əsas aparıcı xətdir. Nizami filosof şairdir. Dövrünün elm, sənət bahadırlarından biri idi Nizami. Şair fəlsəfə, məntiq, astronomiya, tibb və s. elmlərə dərindən bələd olmuşdur. Hamınız mənimlə razılaşarsınız ki, Nizami dünyəvi, bəşəri şairdir. Bütün xalqları öz doğma xalqı kimi sevir, hörmət edirdi. O, bütün bəşəriyyəti azad, hər cür istismar və zorakılıqdan azad görmək istəyirdi. Şair həm dövrünün həm də gələcək hökmdarları ədalətə, sülhə çağırırdı... Bu bir həqiqətdir. Biz hamımız gedəcəyik bu dünyadan. Nəsillər dəyişəcək. Ancaq Nizami Gəncəvi ev sahibi kimi həmişə qalacaq, poeziya kəhkəşanında əbədi parlayacaqdır”.

Dahi Lider Heydər Əliyev xalqının tarixinə, mədəniyyətinə, ədəbiyyatına bələd olmaq və sahib çıxmaq ənənəsini öz varisinə də miras qoydu. Hamımız bilirik ki, ötən il çox ağır və gərgin bir il oldu. Bu gərginlik hələ də səngiməyib. Bütün bunlara baxmayaraq cənab Prezident İlham Əliyev xalqının dəyərlərini unutmadı. 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməklə bağlı tarixi Sərəncam imzaladı. Bu Sərəncam cənab Prezident İlham Əliyevin bir daha xalqına məhəbbətinin və ehtiramının, bütün sahələrə olduğu kimi, tariximizə, ədəbiyyatımıza hörmətinin bariz nümunəsidir.

Nizami Gəncəvi irsinin təbliği sahəsində də dövlət öz qayğısını əsirgəməyib. Bu gün ölkə kitabxanalarının və bir çox dünya kitabxanalarının fondlarını bəzəyən “Xəmsə” Şərq ədəbiyyatının ən nadir incilərindən sayılır. Nizami irsi demək olar ki, ən çox nəşr olunan və ən çox oxunan ədəbiyyatlar sırasındadır. Bildiyimiz kimi Azərbaycanda mövcud olmuş 4 əlifbanın hamısında Nizaminin ölməz əsərləri çap olunmuş və kitabxanalarımızda mühafizə olunmaqdadır.

1992-ci ildə yeni latın əlifbasının tətbiqi ilə bağlı qanun qəbul edildi və 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Əlifba dəyişdikdən sonra təbii olaraq elmi ictimaiyyəti bir məsələ narahat etməyə başladı. Gələn nəsillər klassiklərimizi necə oxuyacaq, necə tanıyacaq? Bütün bu nigarançılığa hörmətli Prezidentimiz İlham Əliyev öz humanist və vətənpərvər qərarı ilə son qoydu. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixdə Sərəncam imzaladı. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində, klassiklərimizin əsərləri yüksək tirajla çap olunub ölkə kitabxanalarına pulsuz paylanmağa başladı. Ən ucqar kənd kitabxanası da bu əsərlərlə təmin olundu. Məhz bundan sonra kitabxanalarda bir canlanma, oxucu fəallığı hiss olunmağa başladı. Bu həm milli-mədəni irsimizə, həm də kitaba, kitabxanaya olan münasibətin təzahürüdür. Bu layihənin həyata keçən ilk nəşrlərindən biri də Nizaminin “Xəmsə”si idi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu layihə ilə çap olunan kitabların kitabxanalara paylanması missiyasını AMEA-nın Mərkəzi Elmi Kitabxanası həyata keçirirdi.

Nizami irsi əsrlərlə özünə dünyanın hər yerindən onlarla tədqiqatçı cəlb etmişdir və yüzlərlə tədqiqat əsərləri yaranmışdır. Dünya durduqca bu irsin yaşayacağı və yeni-yeni tədqiqatların obyektinə çevriləcəyi şübhəsizdir. Hər gələn nəsil Nizaminin əsərlərində özünü, öz dövrünü, mühitini görəcək və onu incələmək, ondan öyrənmək ehtiyacı duyacaqdır. Bu mənada kitabxanaların boynuna çox böyük və məsuliyyətli vəzifə düşür. Biz kitabxanaçılar bu irsi göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. 2021-ci il isə xoş bir hadisə ilə başladı və inanırıq ki, bu fərəhli anlar ilin sonunadək bizi tərk etməyəcək. İlimiz böyük Nizaminin adı ilə başladı və xoş hadisələr, silsilə tədbirlər ili kimi yadda qalacaq. İnanırıq ki, hər bir azərbaycanlı həm fərd, həm də kollektiv olaraq bu ilə öz töhfəsini verəcək. Mərkəzi Elmi Kitabxananın da bu illə bağlı bir çox planları var və onların həyata keçməsi üçün həvəslə, məsuliyyətlə çalışacağıq.

Nizamini tanımaq və sevmək bizim haqqımız, tanıtmaq və sevdirmək isə şərəfli vəzifəmizdir! Bu yolda hər kəsə müvəffəqiyyətlər arzulayırıq!

Xuraman İSMAYILOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının kitabxana xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.