www.science.az
14.01.2021 10:27

“Azərbaycan qorqudşünaslığı” kitabı çap olunub

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin hazırladığı “Azərbaycan qorqudşünaslığı” elmi araşdırmalar toplusu işıq üzü görüb.

Sözügedən toplunun tərtibçisi və “Ön söz”ünün müəllifi Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlıdır. Elmi redaktoru isə müəssisənin direktoru, akademik Muxtar İmanovdur.

Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən fundamental elmi əsərlər toplusuna XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə, Məmməd Əmin Rəsulzadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında – yeni dövrdə elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Tofiq Hacıyev, İsa Həbibbəyli, Kamal Abdullayev, Bəkir Nəbiyev, Nizami Cəfərov, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı kimi araşdırmaçıların elmi əsərlərinə yer ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.