www.science.az
15.01.2021 10:42

Akademik Zahid Xəlilovun 110 illiyi qeyd olunub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademik Zahid Xəlilovun 110 illik yubileyinə həsr olunan elmi konfransda səbəbkarın həyat və yaradıcılığı haqqında danışıb. O bildirib ki, ölkəmizdə müasir riyaziyyat məktəbiminin banilərindən olan, fəaliyyəti dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən görkəmli elm xadimi Zahid Xəlilovun Azərbaycan riyaziyyat elminə və onun inkişafına verdiyi töhfələr, bu sahəyə gətirdiyi elmi istiqamətlər və ideyalar bu elm sahəsini zənginləşdirmiş, neçə-neçə alimlərin yetişməsinə təkan verib.

Görkəmli alimin həyat yolundan bəhs edən professor M.Mərdanov qeyd edib ki, Zahid Xəlilov 1911-ci il yanvarın 14-də Tiflis şəhərində anadan olub, burada orta məktəbi və pedaqoji texnikumu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olub. 1930-cu ildə Universitet fəaliyyətini dayandırdıqdan sonra, Z.Xəlilov təhsilini Pedaqoji Universitetdə davam etdirib.

Z.Xəlilov elmi fəaliyyətə 1937-ci ildə Tiflisdə Stefan Berqmanın rəhbərliyi altında aspirant kimi başlayıb, sonralar SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Musxelişvilinin rəhbərliyi altnda elastiklik nəzəriyyəsi ilə məşğul olub. Görkəmli alim 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda yeganə riyaziyyatçı olaraq elmi fəaliyyətə başlayıb.

Natiq vurğulayıb ki, Z.Xəlilov doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı idi. Onun 1946-cı il iyun ayının 3-də, 35 yaşında Tbilisi Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasında aldığı elmi nəticələr riyaziyyat elminin qızıl fonduna daxil edilib. Konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi istedadlı alimin yaradıcılığının xarakterik cəhətlərindən idi.

Professor M.Mərdanov funksional analiz üzrə SSRİ miqyasında rus dilində “Funksional analizin əsasları” adlı ilk dərsliyin 1949-cu ildə Z.Xəlilov tərəfindən yazıldığını diqqətə çatdırıb.

Tədbirdə AMEA–nın müxbir üzvü Bilal Bilalov, professorlar Lətif Talıblı, Əkbər Əliyev, dosentlər Əbdürrəhim Quliyev, Əli Babayev və digər çıxış edənlər alimi elm sahəsində dərin bilik və zəkaya, əsl ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik sadə, xeyirxah və müdrik insan kimi xarakterizə ediblər. Xüsusi vurğulanıb ki, akademik Zahid Xəlilov dünyada tanınan nüfuzlu riyaziyyatçı, Azərbaycanda funksional analiz məktəbinin banisi, nəzəri mexanikanın yaradıcısı kimi tanınır və qeyd-şərtsiz qəbul olunur.

Zahid Xəlilovun elmi yaradıcılığı barədə geniş məlumat verən professor Məmməd Bayramoğlu qeyd edib ki, alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, o poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermiş habelə, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaradıb.

Tədbirdə iştirak edənlər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna görkəmli riyaziyyatçı alim Zahid Xəlilovun adının verilməsi ilə bağlı təkliflə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.