www.science.az
19.01.2021 10:43

Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibəti ilə “İsmayıl Hacıyev alim və ictimai xadim kimi” mövzusunda tədbir keçirilib.

Tədbiri AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açaraq akademik İ.Hacıyevin həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində müəllim ailəsində dünyaya göz açıb. Xanağa və Göydərə kənd məktəblərində orta təhsil alıb, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1974-1977-ci illərdə Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim kimi, 1978-ci ildən isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fəaliyyət göstərib. Burada müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrini uğurla icra edib. 1992-ci ildə fəlsəfə, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

F.Səfərli vurğulayıb ki, muxtar respublikanın aparıcı ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universitetinin klassik təhsil müəssisəsi kimi formalaşmasında İsmayıl Hacıyevin xüsusi əməyi olub. Məhz həmin təşkilatçılıq qabiliyyəti sayəsində AMEA-nın Naxçıvan Bölməsi artıq inkişaf etmiş elm müəssisələrindən birinə çevrilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli “Akademik İsmayıl Hacıyevin ictimai fəaliyyəti” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, tanınmış ziyalı, təcrübəli tədqiqatçı alim İsmayıl Hacıyev ölkə və muxtar respublika mühitində ictimai-siyasi baxımdan fəallığı ilə seçilən şəxsiyyətdir. O, aydın siyasi mövqeyi olan, qətiyyətli, dönməz əqidəli ictimai xadimdir. Dövlətimizin elm siyasətində özünəməxsus yer tutan alim AMEA-nın Naxçıvan Bölməsinə rəhbərlik etdiyi 18 il ərzində həm nümunəvi elmi-təşkilati bacarıq nümayiş etdirib, həm də Azərbaycan elmi-ictimai mühitinin tanınmış siması kimi bu siyasətin həyata keçirilməsinə özünün real və sanballı töhfəsini verib. Onun aktual məsələlərlə bağlı ölkə mətbuatındakı çıxışları vətənpərvər, aydın, prinsipial mövqeyinə görə diqqət çəkir. Yüksək əxlaqi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, məsuliyyətliliyi, əsl vətənpərvər  mövqeyi ilə seçilən alim ömrünü Azərbaycan dövlətçiliyinin, Naxçıvanşünaslığın tədqiqinə həsr edib və bu gün də bu ali missiyanı uğurla davam etdirməkdədir.

Daha sonra Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix elmləri doktoru Sevinc Abbasovanın “Azərbaycan tarixinin öyrənilməsində akademik İsmayıl Hacıyevin rolu”, AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Akademik İsmayıl Hacıyevin araşdırma­ların­da Naxçıvan tarixi məsələləri” və həmin müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Akademik İsmayıl Hacıyevin elmi tədqiqatlarının əsas istiqamətləri” mövzusunda məruzələri dinlənilib.

Azərbaycan elminə çox sayda tarixçi bəxş etmiş alimin bir elm xadimi və pedaqoq kimi fəaliyyətindən danışan məruzəçilər qeyd ediblər ki, məhz onun rəhbərliyi ilə 9 elmlər, 20 nəfər fəlsəfə doktoru öz müəllimlərinin layiqli davamçılarına çevriliblər. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, Araz-Türk Respublikasının tarixi, Naxçıvan bölgəsinin ərazi taleyi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tarixi, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və soyqırım siyasəti və s. məsələlər alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Diqqətə çatdırılıb ki, İ.Hacıyev ölkə başçısının Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” xatirə medallarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülüb.

Sonda akademik İ.Hacıyev çıxış edərək əməyinə verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.