www.science.az
22.02.2021 10:28

Muzeydə Xalq rəssamlarının 100 illiyinə həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə Xalq rəssamları - Oqtay Sadıqzadə və Böyükağa Mirzəzadənin 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin tələbələri iştirak edib.

Yığıncağı muzeyin mütəxəssisi Qənirə Qafarlı açaraq təmsil etdiyi qurumun Təsviri materiallar fondunda Azərbaycan rəssamlarının nadir incilərinin olması haqqında məlumat verib, bu kolleksiyalar içərisində Oqtay Sadıqzadə və Böyükağa Mirzəzadənin də əsərlərinin yer aldığını bildirib.

Sonra muzeyin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov Təsviri materiallar fondu haqqında məlumat verib. O bildirib ki, muzeyin bu fondu 1925-ci ildə İncəsənət şöbəsinin bazası əsasında yaradılıb. 1926-ci ildə muzeydə rəsm qalereyası və 675 əsərdən ibarət Şərq incəsənəti ekspozisiyası açılıb. Hal-hazırda muzeyin Təsviri materiallar fondunda Azərbaycan, Avropa, Rusiyanın tanınmış rəssamlarının 1000-dən artıq rəsm əsərləri mühafizə olunur. Onların içərisində yağlı və sulu boya ilə kətan, taxta, karton və kağız üzərində, həmçinin qrafika, litoqrafiya, intarsiya, inkrustasiya, mozaika və s. üsullarla işlənmiş sənət əsərləri var.

Tədbirdə Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifovanın təqdimatında Oqtay Sadıqzadənin yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Videoçarxda rəssamın əsərlərindəki bədii obrazlar haqqında geniş məlumat verilib. Bundan əlavə, muzeyin kiçik elmi işçisi Zülfiyyə Cəlilovanın təqdimatında  Böyükağa Mirzəzadənin yaradıcılığını əks etdirən videoçarx və Oqtay Sadıqzadə ilə həyat yoldaşı Elmira Şahtaxtinskaya həsr olunmuş "İncəsənətin qüvvəti" adlı sənədli filmdən fraqment nümayiş etdirilib.

Qeyd edək ki, muzeydə Böyükağa Mirzəzadənin “Baki kəndinin bir küçəsi”, “İnşaat sahəsi” və s., Oqtay Sadıqzadənin isə “Nəsiminin edamı”, “Şirvanşah Bakı limanında”, “Şirvan hakimi Abdulla xanın italyan səyyah-diplomatı Antoni Cekinson” əsərləri mühafizə edilir.  Bu əsərlər muzeyin sərgi və ekspozisiyasında daimi nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.