www.science.az
13.02.2015 00:00

“National Geographic Azərbaycan”jurnalının təqdimatı keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti və “Qarant Media Holdinq”in dəstəyi ilə nəşr olunan “National Geographic Azərbaycan” jurnalının təqdimatı keçirilib.

Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə ölkəmizin xaricdə təbliğinə həsr olunan nəşrlərin əhəmiyyətini qeyd edib.

Jurnalın baş redaktoru Seymur Teymurov Milli Coğrafiya Cəmiyyətinin fəaliyyətindən və jurnalın Azərbaycan dilində buraxılışının əhəmiyyətindən danışıb. O, “National Geographic Azərbaycan”da aparıcı dünya alimlərinin elmi yenilikləri, müxtəlif ölkələrin ən maraqlı yerləri, təbiəti ilə yanaşı, Azərbaycan ilə bağlı bu günədək heç yerdə çap olunmamış fotoların da yer aldığını vurğulayıb. Bildirilib ki, Türkiyə, Rusiya, Fransa, Estoniya və digər ölkələrdə nəşr olunan jurnalın Azərbaycan dilində buraxılışı 30.000 tirajla çap olunur.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva, fəlsəfə üzrə elmlər doktorları Rəfiqə Əzimova, Rəna Mirzəzadə çıxış edərək jurnalın fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra jurnalın mövzuları ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.