www.science.az
16.02.2015 00:00

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında maraqlı eksponat nümayiş olunur

Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına Azərbaycanın qədim tarixini, zəngin maddi və mənəvi mədəniyyətini özündə ehtiva edən maraqlı arxeoloji eksponat təhvil verilib. Eksponat 1984-cü ildə Şəmkirçay və Gəncəçay arasındakı Qaracəmirli kəndi yaxınlığında yerləşən 1 saylı kurqanda arxeoloq Münəvvər Hüseynovanın rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Arxeoloji tapıntı ağzının kənarlarındakı yuvalara dörd quş fiquru keçirilmiş çölmək tipli qabdan ibarətdir. Təəssüf ki, qabın əsli muzeyə təhvil verilməmişdir. Hazırki qab əslinin qrafik təsviri əsasında muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Əmiryusif Zəvərov tərəfindən gipsdən düzəldilmiş və qara boya ilə rənglənmişdir.

Qabın əsasən ayini məqsədlər üçün istifadə olunduğu ehtimal olunur.

Eksponat Azərbaycanın qədim sakinlərinin ideoloji təsəvvürləri, dəfn adətləri, məşğuliyyətlərinin öyrənilməsində, eləcə də arxeoloji əsərlərin yazılmasında qiymətli əşyavi mənbə rolunu oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.