www.science.az
25.02.2015 00:00

AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdədir

AMEA prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və başqaları daxildir.

Səfər çərçivəsində İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) rəhbərliyi ilə görüş keçirilib. Akademiyanın prezidenti, akademik Rut Arnon 1961-ci ildə Qüdsdə fəaliyyətə başlamış İTHEA-nın tarixi haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, İsrailin yüzdən artıq tanınmış alimini bir araya gətirən İTHEA ölkənin geologiyası, flora və faunasının öyrənilməsi, Talmud, yahudi fəlsəfəsi, ədəbiyyatı və ivritin araşdırılmasına yönəlmiş layihələri mailiyələşdirir. Akademik R.Arnon bildirib ki, İTHEA müxtəlif beynəlxalq layihələrdə iştirak etməklə yanaşı, həm də Eynşteyn Təqaüd Fonduna rəhbərliyi həyata keçirir.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə akademiyanın 70 illik tarixi haqqında geniş məlumat verib. Görüş çərçivəsində İTHEA üzvlərinə Azərbaycanda fundamental elmlərin inkişafı, AMEA-nın strukturu, eləcə də respublikada elmə və alimlərə göstərilən diqqətdən bəhs edən videoçarx nümayiş etdirilib. Görüş nəticəsində AMEA və İTHEA arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Daha sonra AMEA-nın nümayəndə heyətinin iştirakı ilə İsrailin ən iri elm və təhsil mərkəzi və dünyanın tanınmış universitetlərinin siyahısında ilk yüzlüyə daxil olan Qüds Universitetində görüş keçirilib. İsrailin ilk təhsil müəssisəsi olan universitetin vitse-rektoru, doktor Oron Şaqrir ilə görüşən AMEA-nın nümayəndə heyəti universitetin laboratoriyaları ilə də yaxından tanış olublar.

Səfər çərçivəsində alimlərimiz Qüds şəhərinin görməli yerlərindən olan İbadət dağını, islam mədəniyyətinə məxsus Qübbətüs-Səhra və əl-Əqsa məscidlərini ziyarət ediblər.

Hazırda AMEA-nın nümayəndə heyətinin İsrailə səfəri davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.