www.science.az
26.02.2015 00:00

AMEA əməkdaşları Hindistanda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

14-16 fevral 2015-ci il tarixində AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli, Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli və Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva Hindistanın Guvahati Universitetində elmi ezamiyyətdə olublar. Azərbaycanlı alimlər universitetdə keçirilmiş “Ölməz sufi şairlərinin - Sədi, Hafiz, Xəyyam və Mövlananın müdriklik və düşüncələrinin XXI əsrdə aktuallığı” mövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər.

Tədbirdə Ş.Əlibəylinin “Mövlana şeirində təzad daşıyan irfani istilahların poetik dialektikası”, Nəzakət Məmmədlinin “Əttar və Mövlana yaradıcılığında salikin mənəvi təkamül prosesi”, Səadət Şıxıyevanın “Balkanlardan, Hindistandan sufi təfəkkür tarixində əlifnamənin yeri və onun ezoterik anlam tutumu” mövzusunda məruzələri maraqla dinlənilib. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, AMEA ilə birgə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə təkliflər irəli sürülüb.

Konfransda Azərbaycanla yanaşı, Rusiya, İran, Pakistan, Banqladeşdən olan alimlər də iştirak ediblər.

AMEA əməkdaşları, həmçinin “Dünyanın yeddi yeni möcüzəsi”ndən biri olan Tac-Mahal türbəsini ziyarət ediblər. Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl və möhtəşəm türbəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.