www.science.az
17.03.2015 00:00

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yeni arxeoloji materiallarla zənginləşdirilir

Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi MuzeyininArxeologiya elmi fond şöbəsinə coğrafiya üzrə elmlər doktoru Rəna Qaşqay tərəfindən yeni arxeoloji materiallar təhvil verilib.

Arxeoloji tapıntılar 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən İkinci Plovdağ nekropolunda aparılan qazıntılar zamanı aşkar edilib. Ümumi sayı 57 ədəd olan qədim əşyalar - tunc asmalar, sancaqlar, üzüklər, piləkşəkilli bəzəklər, dəvəgözü ox ucluqları və onların fraqmentlərindən, əqiq, pasta, şüşə, gil, tunc və s. materiallardan hazırlanmış müxtəlif formalı muncuq düzümlərindən ibarətdir. Yalnız əqiq muncuq düzümündən ibarət bir əşya 1980-ci ildə həmin rayonun Mərdangölü nekropolundan tapılıb. Təqdim olunan bütün əşyalar e.ə. II minilliyin sonuna aid olub, bu dövr sakinlərinin həyat tərzini, məişətini və məşğuliyyətini öyrənmək üçün qiymətli əşyavi mənbə rolunu oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.