www.science.az
18.05.2015 13:55

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçirilib

Hər il olduğu kimi, bu il də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib. Məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanını verməkdir. Bu gün muzeyi çoxsaylı orta  məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti ziyarət edib. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə təsis edilmiş  Beynəlxalq Muzeylər Günü 1977-ci ildən etibarən “xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək” şüarı ilə qeyd olunur.

Cəmiyyətdə ayrı-ayrı xalqların əsrlər boyu yaratmış olduqları maddi və mənəvi irsi bir məbəd kimi qoruyan muzeylər onu keçmişdən gələcəyə ötürmək kimi mühüm missiyanı yerinə yetirir. Muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısı, eyni zamanda dəyərli mədəniyyət ocaqlarıdır.

Dünyada qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi çox məşhur muzeylər fəaliyyət göstərir. Buraya Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi mədəniyyət ocaqları daxildir.

Bu gün ölkəmizdə fəaliyyət göstərən 200-dən çox muzeydə qorunub saxlanılan, maddi-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir